Prezident SOCAR-dakı islahatlardan danışdı:

"Həmçinin indi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik. Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəkdir".

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, yeni rəhbərliyə bu təlimat verilib:

"Müvafiq surətdə itkilərdə də azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcəkdir, artıq indi verir. Mən onun haqqında danışmaq istəyirəm. Əvvəllər bu, baş verib, bizim rəsmi rəqəmlərimiz vardır. Bizim həqiqətən qazdan gələn enerjinin əhəmiyyətli hissəsini günəş və külək enerjisi ilə əvəz etmək potensialımız vardır. Sizin sualdan kənara çıxaraq bildirmək istəyirəm ki, biz artıq Rumıniya və Gürcüstan arasında Qara dənizin dibindən keçən elektrik xətləri barədə layihələri birləşdirmək imkanlarını dəyərləndiririk, hansı ki, ilkin olaraq bizim tərəfdən istifadə olunacaqdır. Çünki bizim, necə deyərlər, 4 ölkəyə ekstra elektrik enerjisi istehsalı və ixracımız vardır və onu genişləndirməyi planlaşdırırıq. Avropanın qazımızla bərabər, elektrik enerjimizə ehtiyacı vardır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR