Bakı, 1 iyun, AZƏRTAC
Çilov adasında yaşayan dəniz neftçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına böyük önəm verilir. Adada yeni yataqxana kompleksi və suşirinləşdirici qurğu tikilib, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Bundan başqa, yolların asfalt örtüyü yenilənib, yeni aptek və çay evi tikilərək istifadəyə verilib. Hazırda müasir standartlara cavab verən yeməkxana binasının inşası davam etdirilir. Yeməkxananın bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkət ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu çərçivədə “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin yerləşdiyi Çilov adasında ekoloji siyasətin həyata keçirilməsi uğurla davam etdirilir. Bu ilin birinci rübündə ada ərazisindəki gölməçələr qurudularaq yaşıllıqların sahəsi genişləndirilib, bayraq meydanı ətrafında səliqə-sahman işləri aparılıb. Həmin dövrdə 2 min 500 ağac və gül kolu əkilib. Ümumiyyətlə, indiyədək adanın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 50 mindən çox zeytun və şam ağacı, dekorativ bitki əkilib, yaşıllıqlar salınıb. Yaxın gələcəkdə əkiləcək ağacların sayının 100 mini keçməsi nəzərdə tutulur.