Cüdoçularımızdan Avropa çempionatında möhtəşəm uğur

İyunun 23-dən 25-dək Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.

Çempionatın ilk günü oğlanlar arasında - 50 kiloqram çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb, - 55 kiloqram çəkidə Şahin Oruczadə və - 60 kiloqram çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.

Qızlar arasında - 48 kiloqram çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.

Yarışın ikinci günü oğlanlar arasında -66 kiloqram çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, - 73 kiloqram çəki dərəcəsində Əli Hacızadə bürünc medala yiyələnib. Qızlar arasında isə - 57 kiloqram çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazdırıb.

Beləliklə, idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar. Sonuncu dəfə belə yüksək nailiyyət 2004-cü ildə keçirilən Avropa çempionatında əldə edilmişdi.

Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız çempionata cəmi 4 idmançı ilə qatılmasına baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında dördüncü olub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR