Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Bununla da Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 3 qurum əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Metbuat.az deputat Fazil Mustafanın fikirlərini öyrənib. Fazil Mustafa bu qərarı dəstəkləyir, lakin bundan sonrakı idarəetmə məsələlərini önəmli sayır:
"Bu məsələ strategiya olaraq ölkə Prezidenti tərəfindən atılan doğru addımdır. Elm və təhsilin birləşdirilməsi çoxdan nəzərdə tutulan təşəbbüslərdir və Prezident də bu ideyanı gerçəkləşdirdi. Ona görə də cəmiyyətin bu sfera ilə maraqlanan hissəsi qərarı dəstəkləyir. Bunun idarəetmə mexanizmi ilə bağlı məsələdə hansı fikirlərin nəzərdə tutulduğu isə məlum deyil. Əgər biz buna Elm və Təhsil Nazirliyinin idarəetmə formasında baxacağısa, bu, effektli bir nəticə verməyə bilər. Mən hesab edirəm ki, idarəetmədə ciddi elm xadimlərimizdən biri, islahat aparmaq qabiliyyətinə malik, xüsusilə də elmi təcrübəyə malik şəxs olmalıdır. Ya da ki, xaricdən bu islahatlarda rolu olan tanınmış mütəxəssislərdən birini ölkəyə gətirərək Azərbaycan elmi üçün daha sistemli bir fəaliyyəti gerçəkləşdirməyi nəzərdə tuta bilərik. Bütün hallarda müzakirə mütləqdir. Ya sanballı yerli kadr tapmalıyıq, ya da ki xaricdən mütəxəssis gətirməliyik. İkinci halla azərbaycanlıların təcrübə toplayaraq prosesi uğurla idarə etməsi, elmi sistemin universitetlərə köçürlüməsi təmin edilməlidir. Çünki buna atılan müvəqqəti addım kimi baxılmalıdır".
Bəs, Elm və Təhsil Nazirliyi yeni öhdəliklərin üstəsindən gələ biləcəkmi?
Deputat qeyd edir ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə bu qədər institut versək, onların fəaliyyəti bizə nəsə verməyəcək.
"Bu, kiminsə direktor təyin edilməsi, kiməsə yer verilməsi savaşı olacaq. Əgər həmin institutlar tədricən əlaqəli universitetlərə köçürülsəydi, tamamilə başqa proses ola bilərdi. Biz Azərbaycan elmində ciddi irəliləyişlər görə bilərdik".
Cəmiyyətin bir qismi isə AMEA-nın ləğvinə tərəfdardır. Fazil Mustafa düşünür ki, AMEA mövcudluğunu qorumaq istəyirsə, elmi elitarlığını artırmalıdır:
"AMEA-nın ləğvi məsələsinə gəlincə, bu cür quruluşların artıq siyasətdən kənar bir quruma çevrilməsinə ehtiyac var. Yəni mövcud Akademiya potensialı ilə elmə hərəktverici nələrsə gətirmək mümkün deyil. AMEA-nın ləğvi həm də sosial problemləri ortaya çıxaracaq. Hər halda siyasəti bunun içindən çıxarmaq, sırf elmi elitarlığı buraya qaytarmaq şərtilə Akademiya mövcudluğunu qoruya bilər. Ən azından elm xadimlərinin müzakirə yeri kimi saxlanıla bilər".
Gülər Seymurqızı