Ermənistanın növbəti hoqqası:

"Avqustun 1-dən etibarən erməni mediası və separatçı-terrorçular sərhəddə və Qarabağda gərginliyin olduğu iddialarını tirajlamağa başladı. Azərbaycan ordusunun öz suveren ərazisində hansısa mövqe dəyişikliyi etməsinə dair nə rəsmi məlumat, nə də fakt olmadığına baxmayaraq, separatçıların erməni əhalisini “təşvişə” düşməməyə çağırması və müxtəlif istiqamətlərdə atışmaların olduğu iddialarının məqsədi diplomatik trafik fonunda aydınlaşır: kənar təzyiqlərlə Bakını razılaşmaların icrası tələbindən geri çəkilməsinə nail olmaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun açıqlamasına görə, sonuncu dəfə Xankəndinin qazı kəsiləndə ermənilər bu cür “infotəxribat kampaniyası”nı həyata keçirmiş, kənar müdaxilələrə nail olmuşdu.


"Ermənilər analoji addımları yenidən atır və üçüncü tərəflərin müdaxiləsinə çalışırlar, çünki Bakı cari olaraq iki məsələnin icrasını tələb edir: Birincisi, erməni qoşunların Qarabağdan tam çıxarılması, ikincisi isə Laçın dəhlizinin alternativ marşruta köçürülməsi (baş separatçı Araikin dünən dediyi fikirlərdən bəlli olur ki, sülhməramlılardan yeni marşrut üzrə hərəkətin təşkil edilməsi istənilib). Ermənilər “gərginlik” atmosferi ilə tələblərin icrasını ən azı uzatmaq niyyətindədirlər. Bu kontekstdə Moskvanın zəng trafiki diqqət çəkir. Putin Paşinyanla üçtərəfli razılaşmaların (10 noyabr, 11 yanvar və 26 noyabr) icrasının praktiki tərəflərini müzakirə etdi, lakin Əliyevlə danışmadı. Bu o deməkdir ki, Moskva Əliyevin gündəliyini, bu gündəlikdən geri çəkilməyəcəyini bilir və prosesin irəliləməsi, həm də mümkün gərginliyin olmaması üçün ünvan İrəvandır. Bakıya zəng zəng edən Rusiya hərbi rəhbəri Sergey Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib. Onun bu zəngi Moskvanın Bakıdan mümkün istəklərinin olduğu fikrini də ön plana çıxarır. Ola bilsinki erməni qoşunların çıxarılması üçün avqust ayına, Laçın dəhlizinin yeni marşruta köçürülməsi üçün yolun Ermənistan tərəfindəki hissəsinin inşasına qədər zaman istəyə bilərlər".

Asif Nərimanlı hesab edir ki, Azərbaycanın bu məsələlərin məhz indi icra edilməsində israrı səbəbsiz deyil.

"Birincisi, erməni qoşunların çıxarılması üçün avqust ayına qədər gözləmək, prosesin imitasiyasına şərait yaratmaq deməkdir: İrəvan çıxarılma prosesini Ermənistandan sonuncu çağırışçının avqust ayında hərbi xidməti başa vurması ilə əlaqələndirir, hərçənd, bunun müddətli hərbçilərin bölgədən çıxarılmasına, zabit və müqaviləli hərbçilərin separatçıların qondarma “müdafiə ordusu” adı ilə qalmasına hesablandığı istisna deyil. Çünki kadrlı hərbçilərin separatçıların dəstəsində qalmasında Moskva da maraqlıdır. İkincisi, Laçın dəhlizinin alternativ marşruta köçürülməsi prosesi 10 noyabr bəyannaməsində qeyd olunan üç ilə - 2023-cü ilə qədər uzadıla bilər. Səbəb də odur ki, İrəvan bəyannaməyə istinadən “1,5 il vaxtlarının qaldığını” deyir, bununla marşrutun dəyişdirilməsi, Laçının, eləcə də hazırki dəhliz üzərindəki ərazilərin təhvil verilməsinin daxili ictimai rəydə yaratdığı dalğanın qarşısını almağa çalışır. Separatçılar daha əlverişsiz hesab etdikləri yeni marşrutdan istifadə etmək, həmçinin, Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin çıxarılmasını istəmirlər. Rusiya da Laçın şəhərinin təhvil verilməsi ilə Bakıya qarşı əlindəki kartlardan birinin indi itirilməsində maraqlı deyil".

Bakı hər iki tələbin indi tam icrasına nail olmaqla sonrakı mərhələyə keçmək niyyətindədir...

Siyasi şərhçi onu da qeyd etdi ki, Bakı Zəngəzur dəhlizinin “maneəsiz keçid” prinsipi ilə açılmasına nail olmaq üçün Laçın dəhlizinin eyni rejimlə işləməsi məsələsini gündəmə daşıyacaq və bunu yeni marşrut üzərində etmək imkanı daha böyükdür; erməni qoşunların çıxarılmasına nail olduqdan sonra separatçılarla mübarizənin daxili məsələ olduğu mövqeyini gücləndirəcəkdir. Hadisələrin inkişafı Bakının 4-cü bəndin icrası və Laçın dəhlizinin yeni marşruta köçürülməsinə indi nail olmaq mövqeyindən geri çəkilməyəcəyini deməyə əsas verir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR