“Qisas” antiterror əməliyyatı:

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu dünən “Qisas” adı verilən antiterror əməliyyatı həyata keçirdib. Əməliyyat zamanı Ermənistan ordusunun Qarabağda qanunsuz olan hərbi birləşmələrinə sarsıdıcı zərbə vurulub.

Ötən gün ordumuzun azad etdiyi strateji yüksəkliklərin əhəmiyyəti barədə Metbuat.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanında olduqca əhəmiyyətli, strateji və taktiki əhəmiyyəti olan Hadrut və Şuşa istiqamətlərində bir neçə məntəqənin ordumuzun nəzarətinə keçməsi Qarabağın dağlıq hissəsində üstünlük qazandırdı. Ekspert deyir ki, avqustun üçündə “Qisas” adı verilən antiterror əməliyyatı zamanı erməni silahlı dəstələrindən azad edilən Qırxqız dağ silsiləsidə Qarabağın dağlıq hissəsində əhəmiyyətli sayılan, strateji məntəqələrdən biridir.

Ramil Məmmədli

“Bu silsilə Kəlbəcər rayonundan başlayaraq, Laçın rayonu daxil olmaqla Əsgəran rayonundan da bir qədər irəliləyə qədər davam edir. Qarabağın bu dağlıq hissəsinin azad edilməsi ilə Xankəndinin şimal, Xocalının isə qərb hissələrini görmək mümkün olacaqdır. Qeyd edim ki,həyata keçirilən əməliyyat zamanı azad edilən bu silsilə Qarabağın dağlıq hissəsində olduqca əhəmiyyətli üç strateji məntəqədən iksidir. Şuşa, Əsgəran, Qırxqızsilsiləsi Qarabağın dağlıq ərazilərinə nəzarət etmək üçün strateji bölgələrdir. Əldə edilən yeni mövqelər faktiki olaraq Laçın dəhlizinin, rayon mərkəzinin və 6 kəndin erməni silahlılarından təmizlənməsinə həmçinin Xankəndinin 3 tərəfdən mühasirəyə alınmasına imkan yaradır. Artıq iki yüksəklik bizim nəzarətimizdədir. Geridə isə Əsgəran istiqamətində olan ərazilərin nəzarəti məsələsi var. Düşünürəm ki, zamanla bu qələbəyə də ordumuz nail olacaqdır”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli mövzunun siyasi əhəmiyyəti barədə düşünür ki, Qırxqız dağı Azərbaycan Respublikasının Qarabağ silsiləsinin şimal ərazisində Laçın, Kəlbəcər və Xocalı rayonunun ərazisini əhatə edən dağ silsiləsidir. Başqa sözlə, dağın əldə edilməsi - Kiçik Qafqazın Qarabağ hissəsində 3 min metr hündürlükdən bütün Xocalının nəzarətə alınması, yenə Laçına nəzarətin təmin edilməsidir.

Əziz Əlibəyli

“Qırxqız əməliyyatı indki halda Laçın, gələcəkdə isə Xocalı əməliyyatları üçün əsas zona təşkil edir. Digər bir anlayışla - Yuxarı Qarabağ iqtisadi-coğrafi bölgəsinin sivri, uca nöqtələrinin birləşdirilməsi prosesi gedir. Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən bu rayona Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Tərtər, Şuşa, Xankəndi əraziləri daxildir. Bölgənin şimal-şərqi Murovdağ (2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatdır.) cənub yamacları, mərkəzi, qərb və cənub hissələrini Qarabağ silsiləsinin şərq yamacları daxil Qırxız dağı təşkil edir (03 avqust 2022-ci ildə azad edilib). Digər mühüm proseslərin getdiyi bölgə - vaxtilə ləğv edilmiş Ağdərə rayonunun Kəlbəcər hissəsinə düşən ərazilərlə bağlıdır. Azərbaycanın bütövlükdə hərbi -strateji taktikası kiçik hissələrə bölməklə azad etmək prinsipinə hesablanıb”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin siyasi şərhçisi Turan Rzayev isə hesab edir ki, rəsmi Bakının başlatdığı “Qisas” əməliyyatları heç də 44 günlük müharibə kimi genişmiqyaslı ya da uzunmüddətli nəzərdə tutulmayıb. Analitik deyir ki, “Qisas” əməliyyatı bu ilin mart ayında baş verən Fərrux əməliyyatı ilə eyniləşdirilə bilər.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev

“Rəsmi Bakı bu əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsini nəzarətə götürmüşdü. "Qisas" əməliyatı ilə bir daha Ermənistana həllini gözləyən problemlərin süni şəkildə uzadılması ilə barışmayacağını itirəcək bir 27 ilinin olmadığını göstərmiş oldu. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə təmin edilməlidir. Bu mənada prosesin yaxın zamanda həll edilməməsi və ya həllinə səylərin göstərilməsi halında növbəti əməliyyatlara start verə bilər. Təbii ki, prosesin uzanması əməliyyatların miqyasına da təsir edəcək”.

“Qisas” əməliyyatlarının geosiyasi pərdəarxası məqamları barədə xüsusi məqamlara toxunan müsahibimiz bildirdi ki, "Qisas"əməliyyatlarının diqqət çəkən bir məqamı da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüşdən qısa müddət sonra baş verməsidir.

“Məlum olduğu kimi, XİN başçıları arasında ilk ikitərəfli görüş münaqişənin nizamlanması baxımından ciddi ümid yaratmışdı. Hətta təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilmişdi. Əslində bu praktika bir daha göstərmişdi ki, rəsmi İrəvan və Bakı təkbətək qaldıqda münaqişəni nizamlaya bilərlər.Tiflis görüşü hər nə qədər Gürcüstanın təşəbbüsü ilə reallaşmış görünsə də pərdəarxasında Vaşinqtonun olduğu açıq idi. Ümumiyyətlə, ABŞ indiki məqamda Ermənistan ilə Azərbaycan arasında münaqişənin bitməsini istəyir. Bunun əsas səbəbi Avropaya qaz nəqlinin artırılmasında Bakının perspektivli ölkə olması və Ermənistanın Qərbə inteqrasiya prosesi dayanır. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin bir müddət öncə həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngi də əslində Vaşinqtonun prosesi nizamlamaqda maraqlı olduğunu göstərir. Lakin Brüssel formatında olduğu kimi bu məsələdə də Rusiya moderatorluğu itirməmək üçün prosesə müdaxilə etməkdən geri durmur.

Bu mənada hesab edirəm 3 avqust 2022-ci il tarixində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi daha sonra rəsmi Bakının "Qisas" əməliyatı keçirməsi Kremlin maraqları çərçivəsindədir. Əslində Kremlin dünyaya vermək istədiyi mesaj açıq və aydındır: Azərbaycan və Ermənistan arasında gərginlik hələ də bitməyib və mən olmasam real müharibə ola bilər.Təəssüf ki, Rusiya hər an "DQR ordusu"nun əli ilə təxribatlar törədə bilər. Biz bunu Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımovun şəhid olması və "Qisas" əməliyyatı fonunda müşahidə etdik. Ermənistan müxalifətində Rusiyaya sadiq qüvvələrin olması da danılmaz faktdır. Bu səbəbdən, Paşinyan administrasiyası Azərbaycanla dialoqda özünü çox ehtiyatlı aparır”.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə Qarabağda keçirilən əməliyyata "Qisas" kod adı olsa da, ümumilikdə bu demilitarizasiya əməliyyatı olmalıdır. Azərbaycan ərazisində silahlı erməni birləşmələri qalmamalıdır.

Məhəmməd Əsədullazadə

“Ermənistan baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. Görünür, Ermənistan tərəfi prosesləri izləyir və qarışmır. Əgər, qarışarsa, Azərbaycan Ermənistana qarşı denafikasiya əməliyyatı keçirməsi hüququdur. Ermənistan proseslərə qarışmırsa, N. Paşinyan məzuniyyətə çıxıbsa, demək Yerevan növbəti mərhələdə sülh müqaviləsində maraqlıdır və separatçıların sonunu istəyir. Rusiya Azərbaycanla münasibətləri pozmamaq üçün prosesi izləyir. Bundan əlavə, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi var. Rusiya tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təssüf ki, Rusiya tərəfi iyun ayında Rusiya XİN rəhbəri Sergey Lavrovun ölkəmizə səfəri fonunda "İnformasiya təhlükəsizliyi" barədə müqavilə imzalandı. Rusiya mətbuatı bu müqaviləyə əməl etmir. Ölkəmizə qarşı informasiya savaşı aparır. Pezident İlham Əliyev Qarabağda demilitarizasiya əməliyyatını uğurla həyata keçirəcək. Zəngəzur dəhlizinin açılmasını da reallaşdıracaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR