“Məktəblərdə vahid geyim forması ilə bağlı aparılan müzakirələr təhsilin, mədəniyyətin və gənclərin gələcəyinin maraqlarına xidmət edir. Bu məsələni siyasi təzyiq kontekstində deyil, dünyəvi dəyərlər, insan hüquqları, sosial bərabərlik və sağlam təhsil mühitinin formalaşdırılması baxımından qiymətləndirmək lazımdır. Eyni zamanda, məktəbli geyimlərinin keyfiyyəti, qiyməti və şagirdlərin sosial-psixoloji rahatlığı da diqqətdə saxlanılmalıdır”.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, sabiq deputat Nizami Cəfərov deyib. O bildirib ki, bu məsələdə Azərbaycana qarşı hər hansı siyasi təzyiqdən söhbət gedə bilməz:

“Biz dünyəvi bir şəkildə bütün humanist qaydalara və normalara, insan hüquqlarına uyğun olaraq müzakirə aparırıq və bu müzakirələrdə də gəlinən nəticələr müşahidə edirik. Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərar mövcud təcrübəni nəzərə alan, gənclərimizin gələcəyinə, təhsilimizin imkanlarına, məhsuldarlığına təminat verən bir qərardır. Əgər kimsə bundan hansısa konyuktur məqsəddən istifadə edəcəksə, onun da qarşısı alınmalıdır”.

N.Cəfərov qeyd edib ki, məktəblərdə sosial ədalətsizliyə, dini və mənəvi fərqliliklərə zəmin yaradacaq yanaşmaların tətbiqi düzgün deyil:

“Vahid məktəbli forması olmalıdır. Çünki müəllim sinfə daxil olur, dərs keçir, müəyyən mənada tərbiyə verir və görür ki, şagirdlərin bir qismi dəbdəbəli geyinib, çünki bəzi uşaqların valideynləri imkanlıdır, digər qismi isə maddi imkanları məhdud olduğundan lazımi geyimə sahib deyil. Belə bir vəziyyətdə sinifdə təlim-tərbiyədən necə danışmaq olar? Müəllim də çətin vəziyyətdə qalır, nə edəcəyini bilmir. Hansısa şagird ayağa qalxıb deyə bilər ki, müəllim, dünya belədir də, istəyirsən oxu, istəyirsən oxuma. Mən görürəm ki, filankəs oxumur, amma geyimi-keçimi belədir. Bəs mən oxusam, nə olacaq? Müəllim bu suala nə cavab verəcək?

Ona görə də cəmiyyətdəki mürəkkəb məsələləri dünyagörüşü formalaşmış insanlar həll edirlər. Onlar müəyyən güzəştlərə gedə, səbirli davrana bilirlər. Dünyada belə halların baş verdiyini anlayırlar. Amma orta məktəb şagirdləri hələ bu səviyyədə düşünə bilmirlər, onların dünyagörüşü hələ formalaşma mərhələsindədir. Belə bir şəraitdə məktəb mənəvi, psixoloji və sosial baxımdan şagirdlər üçün mümkün qədər rahat mühit olmalıdır”.

Sabiq deputat məktəblilərin dini geyim seçimləri məsələsinə də toxunaraq yeniyetmələrin bu seçimlərin mahiyyətini və səbəblərini dərk etməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, şagirdlərin geyimi onların dünyagörüşünə təsir göstərən amilə çevrilməməli, məktəbdə vahid və neytral mühit qorunmalıdır:

“İndi bir yeniyetmə qız dini örtük taxır, amma əslində bu örtüyün nə üçün olduğunu bilmir. İbadətin nə olduğunu, onun insan şəxsiyyətinə və düşüncəsinə hansı fayda və ya zərəri olduğunu anlamır. Bunu sadəcə valideynlərinin, ailəsinin təsiri ilə və ya kimisə təqlid edərək edir. Digər uşaqlar da bundan mənfi mənada nümunə götürürlər. Beləliklə, dini dünyagörüşündə biliyə münasibət fərqli olur və burada kəskin, qeyri-analitik qərarların qəbul edilməsi ehtimalı yaranır. Ona görə də şagirdlər məktəbdə rənglənməmiş şəkildə oturmalıdırlar. Onların geyimləri onlara nəyisə təlqin etməməlidir. Onlar ancaq, məktəbin ixtiyarında olmalıdırlar. Şəxsiyyət yetişdirmək üçün ən yaxşı məkan məktəbdir, başqa hər hansı bir müəssisə deyil. Uşaqlar da məktəbin müəyyən etdiyi tələblərə uyğun davranmalıdırlar. Buna görə də geyim məsələsində məktəbin nüfuzu, qərarı və təcrübəsi əsas götürülməlidir. Bu təcrübə, əlbəttə, hökumət tərəfindən təsdiqlənib. Düşünürəm ki, bu, çox yaxşıdır”.

O, həmçinin məktəbli formalarının istehsalı və satışı zamanı keyfiyyət və qiymət məsələlərinin diqqətdə saxlanılmasının vacibliyini bildirib. N.Cəfərovun fikrincə, vahid forma tələbi kommersiya maraqlarından sui-istifadə üçün zəmin yaratmamalı, geyimlər şagirdlərin sosial və fizioloji ehtiyaclarına uyğun hazırlanmalıdır:

“Bəzən bizdə orta məktəbdə olan geyimlərlə bağlı bir az da belə konyuktur-ticari yöndən müəyyən problemlər çıxarırlar. Keyfiyyətsiz parçaların qiymətini baha edib, bazar açırlar. Hökumət buna da nəzər yetirməlidir. Belə məsələdə bazar açmaq olmaz. Şagirdlərin həm sosial, həm bioloji-fizioloji tələbatına uyğun olaraq gözəl paltarlar hazırlanmalıdır və uşaqlar bir-birindən fərqlənmədən bu paltarları geyinməlidirlər. Bu məsələni siyasiləşdirməyə və ondan sui-istifadə etməyə ehtiyac yoxdur. Əgər biz dünyəvi və humanist prinsiplərdən çıxış ediriksə, ilk növbədə gənclərimizin və cəmiyyətimizin gələcəyini düşünməliyik...”

Gülbəniz Hüseynli / Metbuat.az