"Ermənistan mediasından xəbərlər vermək təhlükəlidir" -

Cəmiyyət cəbhədə baş verən hadisələr barəsində rəsmi məlumatların gecikdirilməsindən narazıdır. Elə ötən günlərdə - 3 Avqust tarixində də "Qisas" əməliyyatı ilə bağlı ilkin məlumat ala bilməyən vətəndaşlar xəbərləri erməni mediasında axtarmağa başladılar. Müdafiə Nazirliyi isə bir neçə saatdan sonra əməliyyat barədə ətraflı məlumat yaydı.

Hərbi ekspert Ramil Məmmədli Metbuat.az-a bildirdi ki, erməni mediasına istinadən məlumatlar paylaşmaq təhlükəlidir. KİV istəmədən dezinformasiyanın qurbanı ola bilər:

"Ümumiyyətlə, xəbər siyasəti bütün ölkələrdə olduqca vacib məsələdir. Çünki xəbər əhəmiyyətli hadisələr zamanı cəmiyyətdə proseslərin qarşısını almağa və ya alovlandırmağa qadirdir. Azərbaycanda da informasiyanın bölüşdürülməsi, çatdırılması məsələsinə xüsusi diqqət yetirilməlidir. Xüsusilə də hərb sahəsində.

Azərbaycan KİV-i ön cəbhədə baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyi, digər güc strukturlarının informasiya təminatı məsələsindən şikayətçidirlər. Haqlı olaraq, mətbuat nümayəndələrimiz ilkin olaraq informasiyanı erməni mənbələrinə istinadən oxuyurlar, hətta xəbər kimi yayırlar. Daha da təhlükəlisi odur ki, bəzi şəxslər bu cür informasiyaları öz sosial şəbəkə hesablarında paylaşırlar. Hesab edirəm ki, müharibədə qalib gəlmək qədər önəmli olan informasiya təminatında əsas amillərdən biri operativlikdir. Ən azı ilkin informasiyanın verilməsi daha doğrudur. Daha geniş məlumatlar isə sonradan çatdırıla bilər.

Məsələn, son olaraq "Qisas" əməliyyatı ilə bağlı məlumatı Azərbaycan mətbuatı ya erməni mediasından, ya da bu sahədə olan şəxslərdən şəxsi münasibətlər zəmnində məlumat ala bilib. Bunlar çox təhlükəli məqamlardır. Çünki Ermənistan həqiqətə uyğun olmayan dezinformasiyaları yaya bilər".

Ekspert həmçinin təkcə hərb sahəsində deyil, digər qurumların da jurnalistlərlə sıx təmasda olmasını zəruri hesab edib:

"Azərbaycanda bəzi dövlət təşkilatlarının xəbər siyasətində analoqu olmayan tendensiyalar müşayət olunur. Həm nəzəri, həm də təcrübi baxımdan xəbər siyasəti, yəni informasiyanın yayılması prosesi mətbuat orqanları vasitəsilə həyata keçirilir. Bütün ölkələrdə informasiyanın yayılması siyasəti bu cür tənzimlənir. Azərbaycanda çox vacib və strateji məqamlarda bu proses bəzi icmalçılar, şərhçilər, yəni ekspertlər üzərindən icra olunur. Baxmayaraq ki, mən özüm də hərbi-siyasi şərhçi kimi fəaliyyət göstərirəm, amma mətbuatı belə vəziyyətlərdə ikinci plana salmağı yanlış addım hesab edirəm.

Nəzərə alınmalıdır ki, sabah sosial şəbəkələrdəki profillərindən yaydıqları xəbərlərə görə (necə ki, bir neçə dəfə belə hallar olub) heç bir məəsuliyyət daşımayacaq şəxsin və ya şəxslərin üzərindən ölkə üçün vacib xəbər siyasətini təşkil etmək olmaz. Unutmamalıyıq ki, dövlətimizin güclü olması həm də xəbər siyasətinin düzgün bölüşdürülməsindən keçir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR