Binəqədi qəsəbəsində 4 yolun təmirinə başlanılıb -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin ümumi uzunluğu 2,4 kilometr olan 4 küçəsində təmir işlərinə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir.

Hazırda Əliheydər Qarayev küçəsində yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində də davam etdiriləcək.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR