Flora Kərimova Afət Fərmanqızı barədə: "Mənə kiməsə böhtan, şər atmaq yaraşmaz"

"Mən Azərbaycanın ilk Xalq Artistiyəm. O dövrdə evdəki 8-9 yaşlı övladımı Allahın ümidinə buraxaraq tankın qarşısına çıxmışam. Bu Vətən üçün çalışmışam. Afət Fərmanqızı məhkəmədə qışqıra-qışqıra mənim vaxtilə mitinqlərə çıxdığımı, "Elçibəy" adını da xüsusi vurğulayıb, bu nüansları hakimin diqqətinə ciddi-cəhdlə çatdırırdı. Məhkəmədə tez-tez Elçibəyi tanıyıb-tanımadığımı soruşurdu. Niyə tanımayım? Elçibəy prezident olub. Sanki, hakimin bu məqamlara diqqət yetirməsini, nəticədə də bunların məhkəmə qərarına təsir etməyini istəyirdi".

Metbuat.az "Yenisabah.az"a istinadən xəbər verir ki, Xalq Artisti Flora Kərimova Afət Fərmanqızı barədə danışarkən deyib. Flora Kərimova davam edib:

"Afət Fərmanqızıyla münasibətlərimiz Nəsiminin "Sığmazam" qəzəlinə hindsayağı oxuduğu "Pencu-Şeş" mahnısına münasibət bildirəndən sonra pisləşdi. Mən ona pis söz deməmişdim, sadəcə, Nəsiminin gördüyü zülmə, yaradıcılığına hörmət qoymağını söyləmişdim.

Bundan sonra o, məni təhqir etdi. Mən də onu məhkəməyə verdim. Onunla bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etməyimin səbəblərindən biri təhqirlərin məhz o rayon ərazisindən idarə edildiyinə görə idi. Məhkəmədə mənə "vaxtilə mitinqlərdə başına çox vurublar" deyirdi. O, məhkəmə prosesində hazırda dövlət qurumlarında çalışan, mənimlə ünsiyyəti yaxşı olan hörmətli insanların adlarını çəkirdi, gənclik həyatım barəsində də ağlasığmaz şər və böhtanlar atırdı. Bu barədə hansısa bir faktı varmı?! Kimsə indiyə qədər bu haqda fakt ortalığa qoya bilibmi?! Bununla bağlı kimlərsə fakt deyə bilərmi?!

Amma məhkəmə qərarı ədalətli oldu. Mən hakim Solmaz Mustafayevaya dərin minnətdarlığımı bildirirəm. Bu qərarla mənim durumumda olan insanlar ümidsizliyə düşməyəcəklər. Çünki mənim məsələmlə ədalətin hər yerdə keçərli olduğunu biləcəklər. 81 yaşım var, mənə kiməsə böhtan, şər atmaq yaraşmaz".

Xalq artisti sonda saytları da diqqətli olmağa çağırıb:

"İndiyə qədər heç bir saytı məhkəməyə verməmişəm. Amma bundan sonra mənimlə bağlı hər hansı məsələnin doğruluğunun yoxlanılmadan dərcinə görə saytların da qanuni-hüquqi məsuliyyətə cəlb edilməsi üçün addımlar atacağam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR