Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - FOTO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Metbuat.az xəbər verir ki, 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

09:14

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Metbuat.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı