Almaniya səfirliyinin nümayəndələri "Azərkosmos"da olub - FOTOLAR

Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts və səfirliyin nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Metbuat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə qonaqlara "Azərkosmos"un fəaliyyəti, Azərbaycanın peyk layihələri, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə məlumat verilib. Günümüzdə aktual olan iqlim dəyişikliyi istiqamətində kosmosun verdiyi imkanlar və peyk resursları vasitəsilə həyata keçirilən innovativ həllərin önəmi vurğulanıb.

Görüşdə, həmçinin ölkədə kosmik sənayenin inkişafı istiqamətində Almaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Tərəflər kosmik sahədə mütəxəssislərin yetişdirilməsi üzrə təhsil proqramlarının inkişafından, o cümlədən elmi tədqiqat imkanlarından bəhs ediblər.

Görüşdə qonaqlara 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin hazırlıq işləri haqqında da məlumat verilib. Almaniyanın kosmik sahə üzrə fəaliyyət göstərən agentlikləri və şirkətləri Beynəlxalq Astronavtika Konqresində aktiv iştirak etməyə dəvət olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR