Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Metbuat.az xəbər verir ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakıda ziyalı ailəsində anadan olub.

O, 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.

Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olub. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Həmçinin Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.

Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib.

Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib və həmin gün YAP Sədrinin birinci müavini təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR