Xəbər verdiyimiz kimi, sabah Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənitanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Metbuat.az-a bildirdi ki, görüşdə sərhədlərin delimitasiyası,demarkasiyası və sülh sazişi barədə danışıqların aparılacağı gözlənilir:
"Daha öncə Avropa İttifaqının prezidenti Şarl Mişel də belə bir görüşün baş tutacağını açıqlamışdı. Bildiyiniz kimi, Ermənistan Brüsseldə Moskvada, Soçidə verdiyi vədləri yerinə yerinə yetirmədiyinə görə, Moskvada planlaşdırılan iyul ayındakı hökumətlərarası görüş təxirə salındı. Lakin avqust ayının əvvəllərində Azərbaycan tərəfinin Nikol Paşinyana verdiyi ultimatumdan sonra tərəflər yenidən masa arxasına keçəcəklər. Bu ultimatum ondan ibarət idi ki, əgər Ermənistan razılığa gəlmirsə, Azərbaycan özü bildiyi şəkildə separatçılarla bağlı məsələni həll edəcəkdi. Əlbəttə ki, növbə Qərbi Zəngəzur torpaqlarına da çatacaqdı. Görünür, Azərbaycan tərəfinin sərt addımlar atması Paşinyanı da Brüsseldə baş tutacaq müzakirələrə "baqajsız" getməyə vadar edib".
Politoloq düşünür ki, əvvəlki görüşlərdə olduğu kimi bu dəfə də Prezident İlham Əliyev Paşinyanı Brüsseldən əliboş göndərəcək.
Zaur Məmmədov
"Azərbaycanın əlində Ermənistanın yerinə yetirməli olduğu şərtlərdən ibarət uzun bir siyahı var. Həmin siyahıda həlli gözlənilən vacib məsələlərdən ilki iki tərəfin imzaladığı sülh müqaviləsi çərçivəsində sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsidir. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmir. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Sülhə qədər bütün bu məsələr həllini tapmalı idi. Amma görünür iki il keçməsinə baxmayaraq bu öhdəliklərin həll edilməsi üçün daha çox vaxt lazım olacaq. Hər halda bu və ya digər şəkildə bizim məqsədimiz sülhün möhkəmləndirilməsi və artıq yeni reallığa uyğun olaraq keçmiş yox, gələcəyə baxmaqdan ibarətdir. Anlaşılandır ki, Azərbaycanın qarşısında çox böyük sədlər var. Bəzi dövlətlər tərəfindən ciddi təzyiqlər də var, biz bunu onların bəyanatlarında da bunu görürük. Onlar Zəngəzur dəhlizinin açılmasından, Azərbaycanın güclənməsindən ciddi şəkildə narahatdırlar. Amma başa düşməlidir ki, bu, tək Azərbaycanla bağlı məsələ deyil. Kimin nə istədiyindən asılı olmayaraq 200 il arxada qalıb və biz əvvəlki dövrlərdə olduğu kimi bu coğrafiyada əsas icraçı olaraq davam edəcəyik".
Politoloq Zərdüşt Əlizadə də düşünür ki, bu görüşdə Ermənistanın yox, Azərbaycanın istəkləri nəzərə alınacaq:
"Paşinyanın Bakıdan çox istəyi ola bilər. Amma onun istəkləri nəzərə alınmayıb. Azərbaycanın istəkləri isə nəzərə alınacaq. Əsas məsələ isə Zəngəzur dəhlizidir. Bundan əlavə, delimitasiya, demarkasiya, sülh sazişi də əsas rol oynayacaq. Azərbaycan bütün məsələri Rusiya, Türkiyə üçlüyü çərçivəsində həll edib".
Zərdüşt Əlizadə