Bakı sonuncu Brüssel görüşündən razı qalıb:

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatla çıxış edərək bildirib ki, sayca dördüncü olan bu görüş olduqca məhsuldar keçib. Ş.Mişel qeyd edib ki, son görüşdə əldə edilən razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır.

Dördüncü Brüssel görüşünü şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov Metbuat.az-a bildirdi ki, Şarl Mişelin bildirdiyi kimi, artıq tərəflər müəyyən mənada sülh danışıqları prosesini daha da sürətləndirməyə çalışırlar.

Politoloq deyir ki, Azərbaycan və Ermənistan liderlərinin noyabr ayında yenidən görüşmək istəkləri, xüsusilə Baş nazir müavinlərinin Rusiyada görüşünə razılığın əldə olunması və hər iki ölkənin XİN nazirlərinin bir araya gəlib müzakirə aparması məsələsinin gündəmə gəlməsi tərəflərin müəyyən mənada razılıq əldə etdiklərinə işarədir.

Bəs əldə edilən razılığın həyata keçirilməsi hansı səviyyədə mümkün olacaq?. S.Hümbətov bu suala cavab olaraq bildirdi ki, biz kənar güclərin yəni Rusiya və İranın münaqişənin həlli istiqamətində oynadıqları rolu və təsiri yaxından izləməliyik.

Samir Hümbətov

“Ermənistan baş naziri Nikol Paşinyan da Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, danışıqlarda sülh müqaviləsinin bağlanması məsələni gündəmə gətirmək üçün qətiyyət nümayiş etdirməliyik. Düşünürəm ki, buifadəni işlətməklə Paşinyan kənar müdaxilələrin olmasına işarə edirdi. Bütün bunların hamısı onu deməyə imkan verir ki deməli artıq Ermənistan da su danışıqları prosesinə nəhayət maraq göstərməyə başlayıb”.

Ekspert bildirdi ki, Rusiya müxtəlif vaxtlarda müqavilənin imzalanmasına fərqli formada təpkilər göstərə bilər. Ola bilər ki, yaxın zamanda Ermənistan –Azərbaycan sərhədində hansısa bir insident yaşansın. Bu da artıq onu göstərəcək ki, deməli yenidən məsələnin həll olunmasına maraqlı olmayan tərəflər bu addımları ilə sülh müqaviləsinin bağlanmasına müdaxilə etməyə çalışırlar.

Politoloq Turan Rzayev isə hesab edir ki, yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti təzahürü olmaqla yanaşı, Aİ-nin və şəxsən Şarl Mişelin vasitəçiliyinin nəticəsidir. Analitik bildirdi ki, rəsmi İrəvanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edilir. Bu mənada Bakının formatdan razı qalması da başa düşüləndir.


“Digər tərəfdən, Brüssel formatı Qərbin Ermənistan-Azərbacan münaqişəsində fəal iştirakı deməkdir ki, bu da hər şeydən öncə Kremlin prosesdə moderatorluğunu balanslayır. Yəni Rusiya əvvəlki kimi prosesi öz maraqlarına görə istiqamətləndirə bilmir. Faktiki olaraq, vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabət gedir ki, bu maraqlarımıza xidmət edir. Yəni birindən narazı qaldıqda o birisinin üstünlüyündən istifadə etmək mümkündür.Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk Qrupu barədə heç nə yoxdur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var, burada Qarabağ mövzusu yoxdur, çünki bu məsələ Azərbaycanın daxili işi hesab olunur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR