Xəbər verdiyimiz kimi, azərbaycanlı həkim Elnur Rufullayev Türkiyədə qəza zamanı həyatını itirib.
Metbuat.az-ın məlumatına görə, sentyabrın 5-də 1 uşaq atası olan mərhum həkim işdən çıxdıqdan sonra onu maşın vurub. Ağır xəsarət alan Elnurun həyatını qurtarmaq mümkün olmayıb.
İstanbulda Qaziosmanpaşa şəhərində özəl xəstəxanada işləyən Elnur Rufullayevin başına 5 il öncə də belə bir hadisə gəlib. Belə ki, 2017-ci ildə Elnur yolda gedərkən dostu maşınla üstünə gəlib. Bunu hiss edən Rufullayev özünü yol kənarına atıb. Sonra isə dostunun ona maşından əl sallayaraq keçdiyini görüb.
Rufullayev bildirib ki, bundan sonra o dostuna zəng edib. Lakin həmin şəxs onunla zarafatlaşdığını deyib: "Məni öldürmək, yoxsa zarafat etmək istəyirdi bilmirəm. Amma məsələni zarafata bağladı ki, şikayət etməyim. İndi yolda gedərkən maşın sürən tanıdığım birinə rast gəlməkdən qorxmuram desəm, yalan olar".
Qeyd edək ki, İstanbul polisi sürücünü saxlayıb. Hazırda həkimin ölümü ilə bağlı araşdırma aparılır.


