Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Mətbuat Şurasının VIII qurultayının keçirilməsi planlaşdırılır. Baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

2003-cü ildən Mətbuat Şurasına rəhbərlik edən Əflatun Amaşov 20 ilə yaxın bir müddətdə Azərbaycan mediasının inkişafında böyük töhfələr vermişdir. Hazırda qurultay öncəsi Amaşovun yerinə seçiləcək yeni namizəddən gözləntilər barədə geniş müzakirələr aparılır.

Metbuat.az mövzu ilə bağlı "Visiontv" saytının baş redaktoru Şöhrət El-Dənizdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Mətbuat Şurasına yeni sədr və İdarə Heyəti üzvlərinin seçimi zamanı gözləntilər hansı səviyyədə olmalı, namizədlərin seçimi necə aparılmalıdır?

Seçim, adından bəlli ki, demokratik təsisatlarda istifadə olunan bir vasitədir, alətdir. Yəni özünüifadənin təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Bu baxımdan Mətbuat Şurasına sədr və İdarə Heyəti üzvlərinin seçilməsində bu prinsiplər qorunmalıdır. Hamıya bəllidir ki, Mətbuat Şurasına əvvəllər seçkilər necə keçirilib. Mən Mətbuat Şurasının birinci təsis qurultayında iştirak etmişəm. İlk qurultay kifayət qədər demokratik və gərgin mübarizə şəraitində keçdi. Ondan sonra keçirilən qurultayların əksəriyyətində İdarə heyətinə üzvlər formal, Əli Həsənovun siyahısı ilə, belə deyək təyinat xarakterli oldu. Bu baxımdan elə etməliyik ki, Mətbuat Şurasının 8-ci qurultayı demokratik, açıq mübarizə şəraitində keçirilsin. Kiminsə tapşırığı ilə oyunlar qurulmasın və sair.

- Uzun müddətdir ki, Şuranın heç bir funksiyasının olmadığı və qurumun səmərəsiz fəaliyyət göstərdiyi ilə bağlı fikirlər səslənir. Siz bu barədə nə düşünürsünüz? MŞ-dan gözləntilərmi yüksəkdir, yoxsa həqiqətən onun media üçün heç bir xidməti yoxdur?

Mən dəfələrlə demişəm, yenə təkrarlayıram. Avropada, ümumiyyətlə sağlam ölkələrdə dövlət öz idarəetmə funksiyalarının bir hissəsini, özü də daha qəliz və çətin hissəsini ictimai təşkilatlarla bölüşür. İctimai təşkilatların cəmiyyətdə nüfuzu, etibarı dövlət qurumlarından daha yüksəkdir. Bu baxımdan Mətbuat Şurası bir ictimai təşkilat olaraq bu günə kimi çox iş görə bilərdi. Mən indiyə kimi orada işləyən həmkarlarımın, dostların əməyini yerə vurmaq istəmirəm. Amma Mətbuat Şurası öz fəailiyyət istiqamətini düzgün seçmədi. Və əvvəllər fəaliyyət göstərən KİVDF-nin, Əli Həsənovun arxa bağçasına çevrildi. Bunun da obyektiv və subyektiv səbəbləri oldu. Bax sual verirsiniz ki, Mətbuat Şurasının media üçün heç bir xidməti yoxdur? Bu suala cavabı özünüz öz fəailiyyətinizdə, jurnalist kimi qarşılaşdığınız problemlərin həllində Mətbuat Şurasının nə dərəcədə rol oynadığını dəyərləndirməklə cavab verə bilərsiniz. Siz bunu 44 günlük 2-ci Qarabağ savaşında Beynəlxalq medianın Azərbaycanla bağlı tutduğu mövqe ilə dəyərləndirə bilərsiniz. Mən keçmişi asıb kəsməyin, kimləri isə düşmən elan etməyin tərəfdarı deyiləm. Amma buraxılan səhvlərin yaddan çıxmasına da qarşıyam. İndiyə qədər buraxılan səhvlərdən nəticə çıxardıb, Mətbuat Şurasını nüfuzlu, bütün medianın qəbul etdiyi, beynəlxalq əlaqələrinin aktiv olduğu ciddi bir quruma çevirmək lazımdır. Bunun üçün Mətbuat Şurasına media cameəsinin və cəmiyyətin qəbul etdiyi, nüfuzlu, etibarlı insanlar gəlməlidir.

- Şöhrət müəllim, bildiyiniz kimi, Şuranın Nizamnaməsinə əsasən hər dörd ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməli, İdarə Heyəti yenidən seçilməlidir. Bu il üçün namizədlər sırasında gənc kadrların daha istəkli olduğu görünür. Necə düşünürsünüz, Şuranın tərkibində gənc təcrübəli jurnalistlərin iştirakına, bilik və bacarıqlarından faydalanmağa ehtiyac varmı?

Mən sağlam, intelektli, mərd gəncliyə həmişə rəğbətlə, fəxrlə yanaşmışam. Əlimdən nə gəlirsə dəstək oluram, kömək edirəm. Bu baxımdan Mətbuat Şurasında intelektli, vicdanlı, azadfikirli, millətini, dövlətini düşünən, peşəkar, jurnalist peşəsinə xəyanət etməyən gəncliyin təmsil olunmasını yalnız alqışlayıram. Qarşıdan gələn qurultayda onlara dəstək olacağam.

Gülbəniz Hüseynli / Metbuat.az