Rəsmi Bakı dünən 5 erməni hərbçini qarşı tərəfə təhvil verib. Əvəzində isə Ermənistan dünən axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Sonuncu Brüssel görüşündə Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasındakı görüşlə bağlı yayılan bəyanatda qeyd olunub ki, sülh razılaşması, humanitar, sərhəd məsələləri, nəqliyyat xətlərinin açılması ilə bağlı müzakirələr aparılıb.

Dünən də 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişe, ABŞ Azərbaycanın erməni hərbçiləri qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Azərbaycan masada verdiyi sözlərə əməl edir, bəs Ermənistan?

Politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycan tərəfinin seçdiyi yol doğrudur. Biz sülh istiqamətində səbirlə addımlar atmaqla heç bir şey itirmirik:

"Azərbaycan sülh istiqamətində atılan addımlarını davam etdirməlidir. Hədələyici nitqdən imtina edir və bu, belə də olmalıdır. Eyni zamanda sülh istəyimizin səmimi olmasını nümayiş etdirməyə davam etdirməlidir. Bunu etdiyimiz zaman biz heç nə itirmirik. Əskinə, qazanırıq".

Zərdüşt Əlizadə: Ağa-nökər cəmiyyətidir, ağa nə deyirsə, o da olur - MEYDAN.TV

Politoloq deyir ki, sülhməramlıların ərazilərimizdən çıxması üçün tək yol Ermənistanla barışdır. Azərbaycan sonda öz məqsədlərinə çatacaq. Bu, şübhəsizdir:

"Sülh istiqamətində əldə etmək istədiklərimizə gəlincə, bizim bu məqsədlərimiz əvvəl-axır həyata keçəcək. Həm sülh danışıqları olacaq, həm Zənzəgəzur yolu həllini tapacaq. Ermənistana qarşı hansısa ifrat təzyiqimiz xeyrimizə deyil. Ermənistana qarşı nə qədər yumşaq davransaq, biz o qədər məqsədlərimizə tez nail olacağıq. Bizim digər bir məqsədimiz də rus sülhməramlılarının ərazilərimizdən çıxmasıdır. Bunun da tək yolu Ermənistanla barış şəraitidir.

Ermənistan sülh istiqamətində qərarları ona görə qəbul etmir ki, burada Rusiya əngəli var. Rusiya tələb edir ki, hələlik Azərbaycanla barışa razı olmasın. Məqsədi isə Ermənistanda hərbi baza yaratmaq, Ermənistan hökuməti ilə Zəngəzur dəhlizinin hüquqi cəhətdən Rusiyanın idarəçiliyinə verilməsidir".

Gülər Seymurqızı