“Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisələrdə Qərbin Ermənistana olan təzyiqlərini və yaxud Ermənistan, Fransa və Amerikanın birgə proyektinin konturlarını hiss edirəm”.
Bu fikirləri Metbuat.az-a hərbi ekspert Ramil Məmmədli deyib. Ekspert hesab edir ki, təxribata səbəb, son iki il ərzində münaqişənin həllində vasitəçi tərəfi olaraq Rusiyanın bu öhdəliyi götürməsi, həmçinin Rusiya və Qərb arasında olan qarşıdurma, müharibə vəziyyətidir. Çünki, Qərb istəyir ki, Cənubi Qafqazdakı proseslərdən istifadə edib Rusiyanı neytrallaşdırsın.

Ramil Məmmədli
“Dövlət sərhədində baş verən hadisələri müxtəlif cür dəyərləndirmək mümkündür. Bunlardan biri də Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınması, digəri isə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar formatının dəyişdirilməsidir. Ermənistan isə bu niyyətin Qərb tərəfində dayanıb və birmənalı olaraq onların maraqlarına xidmət edir. Əgər belə olmasaydı, Ermənistan Fransa rəsmilərinin fikirlərinin davamı olaraq münaqişənin həllinin yenidən ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsini istəməzdi. Təxribatlara səbəb də diqqəti məhz münaqişəyə yönəldərək ermənilərin hüquqi statusunu əldə etmək kimi məsələlərə rəvac verməkdir”.
Ramil Məmmədli qeyd etdi ki, Azərbaycan üçün isə hazırki vəziyyətə uyğun olaraq 10 noyabr Bəyannaməsindən irəli gələn müddəaların həyata keçirilməsi prioritetdir. Bu ölkəmizin maraqlarına qismən xidmət edir, nəinki ATƏT-in Minsk qrupunun.
“Məsələ ondadır ki, ATƏT-in Qərbin təkliflərində Qarabağdakı ermənilərin hüquqi statusu alması və münaqişədə qismən də olsa de-fakto tərəf olaraq ortaya çıxarılması kimi məqamlar var. Bu isə Azərbaycan üçün qəbulolunmaz bir məsələdir”ç- deyə R.Məmmədli bildirib.
Politoloq Turan Rzayev düşünür ki, son təxribatlar, həm də sülh prosesinin uzanması təkcə Ermənistanla bağlı deyil.

Turan Rzayev
"Real yanaşsaq, Ermənistanın forpost, pion statusundakı ölkə olduğu hər kəsə bəllidir. Paşinyanın Ermənistan hakimiyyətinə gəlməsi rəsmi İrəvanın Qərbə inteqrasiya etmək istəməsi belə öz növbəsində Qərbin hazırladığı planın bir parçasıdır. Buna görə də mövcud gərginliyin pərdə arxasında böyük güclərin, daha doğrusu Rusiyanın olduğunu düşünürəm: Birincisi, Rusiya Ermənistan-Azərbaycan arasında mövcud gərginliyin bitməsini istəmir. Çünki gərginliyin bitməsi və sülhün əldə edilməsi Kremlində Cənubi Qafqazdakı təsirinin bitməsi deməkdir. Bununla belə Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində atılan addımları dəstəkləyirmiş kimi eyforiya da yaradır. Bu da təbiidir. Çünki Kreml anlayır ki, Ermənistan ilə Azərbaycan arasında sülhə mane olmaq hər iki ölkənin büsbütün Qərbə yönəlməsi ilə nəticələnə bilər. Tez-tez işlətdiyim bir ifadə var: “Qərarlar Brüsseldə verilir, icrasını isə Kreml həyata keçirir”. Brüssel görüşlərində sülh istiqamətində real addımlar atılır. 27 illik “danışıqlarla” müqayisədə Brüssel danışıqları daha konstruktivdir. Kreml qısa zamanda tərəflərin Brüsseldə sülh istiqamətində bu qədər irəliləyiş etməsini həzm edə bilmir. Buna görə də vaxtaşırı gərginlik yaradır”.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən gərginliyin ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfəri çərçivəsində baş verməsi diqqət çəkən Turan Rzayev düşünür ki, Rikerin səfəri çərçivəsində gərginliyin artması toqquşmaların baş verməsi ilə Rusiya ABŞ və regionda marağı olan digər güclərə açıqca mesaj verir. Yəni "regionda sülhə də, müharibəyə də qərarı mən verirəm".
“Kremlin Ermənistandakı təsirinin hərbi siyasi varlığını nəzərə alsaq, bunda təəccüblü heç nə yoxdur. Üçüncüsü, hazırda Cənubi Qafqazda gərginliyin artması Kremlə Ukrayna müharibəsi baxımından da maraqlıdır. Son günlər Ukrayna ordusunun ardıcıl qələbələr qazandığını və Qərbin Ukraynaya dəstəyinin artığını nəzərə alsaq Rusiya dünya ictimaiyyətinin diqqətini bu regiondan yönəltməyə çalışır. Nəticə etibarilə baş verən hadisələrin məsuliyyətini rəsmi olaraq Ermənistan daşısa da Ermənistanı belə genişmiqyaslı təxribata sövq edən Rusiyadır”.
Gülbəniz Hüseynli / Metbuat.az