Ombudsman ölkəmizin xaricdəki səfirliklərinə edilən hücumlarla bağlı məlumat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı məlumat yayıb.

Metbuat.az-a daxil olan məlumatda deyilir:

"Uzun illərdir ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər etnik zəmində nifrət və bundan irəli gələn soyqırım və terror siyasəti həyata keçirən Ermənistan hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatlar törətməkdə davam edir.

Bu günlərdə Livanda yaşayan erməni əsilli ekstremist qüvvələrin “aksiya” keçirmək adı ilə Beyrut şəhərində Azərbaycan səfirliyinin qarşısına toplanaraq səfirlik binasına hücum etməyə və azərbaycanlı diplomatların həyatlarına yönəlik qəsdlərə cəhd göstərmələri faktı bunu bir daha təsdiqlədi. Bu cür hallar Amerika Birləşmiş Ştatları və Fransadakı səfirliklərimiz qarşısında da yaşanmışdır. Xüsusilə Fransada “dinc aksiya” keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilmiş, vandalizm xarakterli əməllər törədilmişdir. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməmişdir. Bu isə dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.

Belə ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur.

Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan bu kimi xoşagəlməz hadisələri, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsini kəskin şəkildə pisləyirik.

Ermənistan hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə, etnik mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməyə və azərbaycanlılara qarşı nifrət siyasətindən tez bir zamanda əl çəkməyə çağırıram.

Bu cür hücumların digər ölkələrdə də baş verə biləcəyini nəzərə almaqla beynəlxalq ictimaiyyətə və azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət ünvanlayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin təhriki ilə törədilən və tərəflər arasında etnik zəmində düşmənçiliyi təşviq edən, insanların həyat və sağlamlığına qəsd edən təxribatların qarşısının alınmasında, o cümlədən səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR