Yerevanın “Nensi nənə” ilə bağlı ümidləri puç olacaq -

Xəbər verdiyimiz kimi, 18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən Azərbaycana qarşı əsasız və ədalətsiz ittihamlar irəli sürüldü.

Məlumdur ki, N.Pelosi konqresdə ermənipərəst siyasətçi kimi tanınır. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür, N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir.

Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri əslində, Ermənistana xeyirdən daha çox ziyan vuran bilər.


Elçin Xalidbəyli

“Qeyd edim ki, “amerikalı nənə”nin İrəvan səfərinin Azərbaycan ilə hərbi-siyasi qarşıdurmada Ermənistana hər hansı fərqli imkanlar açması, ümumiyyətlə, mövcud deyil. Bir müddət öncə Çinlə Tayvan arasında müharibə törətməyə çalışmış bu amerikalı “küpəgirən qarı”nın İrəvana gəlişinin ABŞ-da keçiriləcək aralıq seçkilərinə hesablandığı qətiyyən şübhə doğurmur. Onun açıqlamaları da məhz ABŞ-da səs verəcək ermənilər üçün nəzərdə tutulduğu açıq-aşkar nəzərə çarpır. Nensi Pelosinin İrəvanda dilə gətirdiyi bütün ittihamların məhz ABŞ-ın dünya ölkələrinin başına gətirdiyi fəlakətlərdən örnəklər göstərilməklə, tutarlı cavabları var. Məsələn, Nensi iddia edir ki, guya Ermənistanın müstəqilliyinə və suverenliyinə qarşı hücum olub. Bu qadının 82 yaşı var və yəqin ki, yaddaşı çoxdan korlanıb. Əks halda, Ermənistanın deyil, məhz Yaxın Şərq ölkələrinin müstəqilliyinə və suverenliyinə hücum olub, üstəlik, bu, ABŞ tərəfindən edilib. Ona görə də, N.Pelosi “ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə etdiyi qanlı hücumları qətiyyətlə pisləyirik” açıqlamasını verərkən, ona kimsə yaxın keçmişi xatırlatsa, yaxşı olardı. Çünki, Azərbaycan Ermənistan ərazisinə hər hansı hücum etməyib”.

Pelosinin gəlişi ilə Cənubi Qafqazda hər hansı dəyişikliyin baş vermə ehtimalı ilə bağlı suala cavab verən müsahibimiz qeyd etdi ki, ümumiyyətlə ABŞ Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə siyasi bəyanatlar xaricində hər hansı müdaxilə mexanizmlərinə malik deyil.


“NATO ölkəsi olan Türkiyənin hərbi-strateji müttəfiqi, enerji resursları ilə zəngin və Cənubi Qafqazın süperdövləti olan Azərbaycan ilə münasibətlərin korlanması ilk növbədə ABŞ-ın maraqlarına cavab verməz. Ağ Ev heç kimə faydası olmayan Ermənistan və bir ovuc ABŞ ermənisinin seçki səsləri ucbatından regionun lider dövləti ilə ziddiyyətlərə həvəs göstərməz. Əslində, N.Pelosinin qalmaqallı açıqlamalarının Azərbaycan ilə münasibətləri korlaya biləcəyini artıq ABŞ siyasi dairələrində anlamağa başlayıblar. Rəsmi Bakının yaydığı bəyanatda yer alan sərt mesajların Ağ Evdə narahatlıq doğurduğu barədə məlumatlar mövcuddur. Ona görə də, ABŞ-da tez-tələsik N.Pelosinin istefasının gündəmə gətirilməsi qətiyyən təsadüfi deyil”.

Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana baş tutan səfərinin qeyd edildiyi kimi əvvəlcədən planlaşdırılmış olub, sadəcə maddi problemlər səbəbindən təxirə salındığını xatırladan siyasi şərhçi Azər Qasımov Metbuat.az-a açıqlamasında söylədi ki, buradan belə bir məntiq hasil olur ki, bu səfərin sərhəddəki son hadisələrlə əlaqəsi olmayıb, sadəcə gecikdiyi üçün təsadüfən eyni vaxta təsadüf edib. A.Qasımov hesab edir ki, N.Pelosinin səfərinə qiymət verərkən ilk öncə onun İrəvana gəlməyə vadar edən səbəbləri aydınlaşdırmaq, sonra digər məsələlər kontekstində analitik fikir yürütmək lazımdır.

Azər Qasımov

“Bildiyiniz kimi, Amerikada aralıq seçkilər yaxınlaşır. Demokratların seçki qabağı reytinqi aşağı düşüb. Onu da qeyd edim ki, Pelosinin bu səfərinin seçki ilə əlaqəli olması faktını onun səfərinə lazım olan 140 milyon dollardan çox pulun dövlət büdcəsindən ödənilməsinə seçicilərin etiraz etməsi sübut edir. Seçicilər bu səfərin dövlətin büdcəsini demokrat partiyasının reytinqini artırmaq üçün sərf edildiyini biliblər. Bu durumda erməni işbazlar demokratların bu durumundan Ermənistan üçün qazanc əldə etmək məqsədi ilə istifadə ediblər ki, Pelosi də bundan seçkidə Amerikada yaşayan erməni əsilli seçicilərin səsini almaq üçün fürsəti qaçırmayıb. Böyük ehtimalla da, sərhəddəki gərginliyi də məqsədli şəkildə qarşılıqlı olaraq bu səfərə daha başqa çalarlar əlavə etmək üçün tərtib ediblər”.

Amerikanın dərin dövlət təfəkkürünə malik dövlət kimi Azərbaycanın regionda və Avropanın enerji təminatında oynadığı rolu yaxşı bildiyini qeyd edən A.Qasımov vurğuladı ki, Azərbaycan və Amerika münasibətləri uzun illərdir ki, tərəfdaşlıq prinsipi üzərində qurulub. Bir sıra beynəlxalq əhəmiyyətli NATO və Amerika kompaniyalarında qarşılıqlı əməkdaşlıq edilib, ehtiyac halında indi də edilir, bu baxımdan, Azərbaycanla münasibətlərin korlanmasına razı olmaz.

“Azərbaycan Amerikadan birbaşa silah almır. Azərbaycanın silah almaq üçün yaxın tərəfdaş ölkələri vardır ki, Amerikanın bu ölkələri Azərbaycana silah satmamağa razı salması mümkün deyil. Əslində Amerikanın, hansısa qadağalar tətbiq etməsi yox, heç bu barədə fikir bildirməyəcəyi qənaətindəyəm. Azərbaycan dövləti ikitərəfli danışıqlar üçün Amerikaya nümayəndə heyəti göndərib, bəzi məsələlər barədə görüşlər təşkil etməyi yerinə düşər. Bunun üçün dost yəhudi və ingilis lobbilərinin köməyindən istifadə etmək olar. Türkiyənin də dəstəyini mütləq nəzərə almaq lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR