“Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinə sədr təyin edilib

Məhəmməd Fəxrəddin oğlu Quluzadə “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin (HEQT Mərkəzi) Müşahidə Şurası qərarı qəbul edib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Məhəmməd Quluzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq İnsan Haqları Hüququ ixtisası üzrə magistr pilləsini bitirib. Aspirantura təhsilini 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

Məhəmməd Quluzadə 2002–2014-cü illərdə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Monitorinq Departamentində ekspert, 2005–2008-ci illərdə ATƏT-in Bakı Ofisində hüquqşünas, 2008–2014-cü illərdə ABŞ-ın Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzində (International Center for Non-Profit Law) hüquqşünas, MDB ölkələri üzrə baş hüquq məsləhətçisi və ölkə üzrə direktoru vəzifəsində çalışıb.

2014-cü ildən “MG Consulting” MMC-nin direktoru vəzifəsində işləyərkən insan haqları və vətəndaş cəmiyyəti sahəsində bir sıra beynəlxalq layihələrə rəhbərlik edib. Bu müddət ərzində insan haqları və qeyri-hökumət təşkilatları sahəsində müxtəlif ölkə hesabatlarının və maarifləndirici vəsaitlərin, bir sıra qanunvericilik aktlarına dair təkliflərin hazırlanmasında və təlimlərin keçirilməsində iştirak edib. Eyni zamanda müxtəlif dövlət qurumlarının işində vətəndaşların iştirakına imkan yaradan Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) yaradılmasına və fəaliyyətinə rəhbərlik edib.

Müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və ADA Universitetində müəllim kimi fəaliyyət göstərib.

Ailəlidir, 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR