"Yetkinlik yaşına çatmayan şəxslərin şəkil, video, adının yayılması qanunsuzdur"

"Zorakılığın baş verdiyini göstərən kadrların ictimai əhəmiyyəti varmı sualının cavabı, əlbbətə var və hökmən belə faktlar gün üzünə çıxmalıdır ki, neqativliklərə qarşı effektiv tədbirlər görülsün".

Metbuat.az xəbər verir ki, bunu media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu deyib. O bildiib ki, bu məsələlərin mediaya çıxarılması zəruridir. Bununla baş verənlərə qarşı tədbir görmək olar:

"Sosial şəbəkələrdə yeniyetmə məktəblinin zorakı və alçaldıcı hərəkətlərə məruz qalmasına dair yayılan video bir çox aspektdən ciddi müzakirəyə ehtiyacı olan məsələdir. Öncəliklə, hadisə hüquqi qiymətləndirmə tələb edir. Olayda açıq-aşkar qəsdən sağlamlığa zərər vuran hərəkətlər mövcuddur və bunu istintaq müəyyən etməlidir bu zərər yüngüldür, ağırdır və s. Deməli, cinayət hüququ aspektindən qiymətləndirilməsi zəruridir.

İkincisi, olayın məktəbdə baş verməsinin hüquqi nəticələri mövcuddur. Məktəb hər bir ailənin öz övladını təhsil məqsədi ilə əmanət etdiyi qorunaqlı yerdir. Əgər burada qorunaqlı hesab edilən yerdə belə hadislər baş verirsə bunun ciddi hüquqi nəticələri, məsuliyyəti qaçılmazıdır. Üçüncüsü, məktəbdə bir sinifdə təhsil alan uşaqların bir-birinə münasibətindəki bu zorakılığın, olayı “fəxrlə” kameraya köçürən, təşviq edən, səssiz qalan gəncliyimizin psixolojik tərəfi ciddi araşdırılacaq məsələdir. Biz cəmiyyət olaraq, media olaraq, ailə olaraq harada hansı səhvləri buraxmışıq və buraxırıq ki, bu görüntülərdəki hiddət doğurucu mənzərə ortaya çıxa bilir. Dördüncüsü, bu olayın ictimaiyyətə çıxış məsələsidir. Belə zorakılığın baş verdiyini göstərən kadrların ictimai əhəmiyyəti varmı sualının cavabı, əlbbətə var və hökmən belə faktlar gün üzünə çıxmalıdır ki, neqativliklərə qarşı effektiv tədbirlər görülsün. Deməli, hadisənin ictimailəşməsi zəruridir. Lakin, əsas sual necə, hansı formada? Yeniyetmələr (məktəbli uşaqlar) arasında bu olay baş verdiyinə görə bu görüntülərin yayılması zamanı həm hüquqi, həm etik məsələlər önə çıxır".

Ələsgər Əhmədoğlu bildirib ki, məlumat yayılarkən həmin şəxslərin yetkinlik yaşına çatmamaları nəzərə alınmalı, media etikasına uyğun şəkildə hərəkət edilməlidir:

"Hüquqi tərəf bundan ibarətdir ki, media hüququ baxımından Media haqqında qanuna əsasən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir. Görüntüdəki zərər görən şəxs və zərər verən şəxs hər ikisi yetkinlik yaşına çatmadığına görə onların görüntülərində onları identifikasiya edəcək şəklin, videonun, adının yayılması qanunsuzdur. Əlbəttə əgər valideynlərinin icazəsi yoxdursa. Valideyinlərinin icazəsi olduğunu ehtimal etsək, bu dəfə jurnalist etikası-media etikası dövriyəyə girər. Yəni hətta ehtimal etsək ki, valideyin icazə verib ki, onun övladının şəxsiyyəti haqqında məlumat yayılsın (xüsusilə zərər görən tərəf olayın ört-bastır edilməməsi üçün bunu istəyə bilər) bu halda jurnalistlər, media təmsilçiləri yenə də etik qaydalara uyğun davranaraq, yeniyetmələrə dair şəxsi identifikasiya edəcək nə üz görüntülərini, nə adını, nə də onu identifikasiya edəcək digər məlumatları yaymalıdır. Olayı əks etdirən video olduğuna görə videoda şəxslərin öz cizgilərini qapatmalı, olayın baş verdiyi məktəbin adı istisna olmaqla hətta sinfi də bildirməməlidir. Ümid edirəm olayın həssaslığı nəzərə alınacaq, media, jurnalistlər bu kimi hallarda daha diqqətli davranacaq. Rəsmi qurumlar isə qanunvericiliyə uyğun zəruri hərəkətləri dərhal edib, cəmiyyəti inandırıcı addımlar aracaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR