“Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirilib -

Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə oktyabrın 10-da Bakıda “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərini əks etdirən videoçarx nümayiş olunub.

STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək deyib ki, Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil.

O qeyd edib: “Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik.

Oktyabrın 2-də erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da, ilk növbədə, Qələbəmizə zərbə vurmağı hədəf alıb. Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkilliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik münaqişədən qazananlar açıq səhnəyə çıxırlar”.

“Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı. Dövlətimizin başçısı 2021-ci ilin noyabrın 8-də Zəfər Günündə xalqa müraciətində dedi: “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”. Əvəzində 44 günlük müqəddəs müharibə əsl Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan Ordusu xilas etdi. Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, soyqırımına görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!

Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər heç birinə Haaqada hüquqi qiymət verilməyib. 2020-ci il noyabrın 10-dan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası “əkib” və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı “Human Rights Watch”un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib.

Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-dakı çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz” demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək o qəhrəmanlardan başlayardı”,-deyə STM-in İdarə Heyətinin sədri deyib.

O qeyd edib ki, ilk növbədə, Birinci və İkinci Qarabağ savaşlarını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması vacibdir. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar. Əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov çıxışında bildirib: “Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə də müdafiə etməlidir. 2003-cü ildən biz bu işlərlə məşğuluq. 2005-ci ildən isə erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Tarixdə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması əks olunub. Bu qərar 2005-ci ildə təsdiqlənib. 2021-ci il yanvarın ortalarında böyük dövlətlərarası şikayət hazırlanıb və təqdim olunub. Bu müharibə cinayətləri Cenevrə Konvensiyası ilə tənzimlənir”.

O deyib ki, Avropa Məhkəməsi son qərarlarında beynəlxalq hüquqa müraciət edir, bəzən də erməni cinayətlərinə qiymət verir. Belə ki, ermənilər tərəfindən Azərbaycan xalqına, hərbçilərinə qarşı törədilən zorakılıqlarla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim edilib.

Çingiz Əsgərov, həmçinin qeyd edib: “Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşiliklərə, terrorlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur. Bu da onların ikili standartlarının göstəricisidir. Bütün bunlar ayrı-seçkilikdir. Buna baxmayaraq, biz bu istiqamətdə çalışmalıyıq. İnanırıq ki, məhkəmədə qalib gələcəyik. Ermənistan isə kompensasiya ödəyəcək”.

Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biri olduğunu deyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib: “Bütün bunlar 4 Cenevrə Konvensiyasında nəzərdə tutulur. Amma Ermənistan bütün bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahlar olduqlarını göstərir. Belə ki, Ermənistan Cenevrə Konvensiyasını pozub. Ermənistan asimmetrik müharibə aparıb. Belə ki, onlar mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər”.

N.Səfərov vurğulayıb ki, Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Lakin Ermənistan bunlara əməl etmir.

“Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Bu silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb”, - deyə deputat qeyd edib.

Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov söyləyib: “Son 30 ildə Ermənistan tərəfindən Azərbaycan xalqına, hərbçilərinə qarşı xeyli cinayət həyata keçirilib. Dünya mediası isə bütün bunları işıqlandırmır və ikili standartlar tətbiq edirlər. Belə ki, 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər gözardı edildi və buna səssiz yanaşıldı. Amma heç də dəqiq olmayan hadisələrlə əlaqədar Azərbaycan dövləti cinayətkar kimi göstərilir. Guya Ermənistan hərbçilərinə qarşı zorakılıq edən azərbaycanlıların iddia olunduğu məsələ ilə bağlı 10 istintaq işi başladılıb”.

O bildirib ki, Azərbaycan ərazisində bütün millətlər rahat və sərbəst şəkildə yaşayırlar. Hətta ölkəmizdə olan ermənilərə belə təzyiq edilmir və onlar Azərbaycan xalqından fərqləndirilmir.

“Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlər barədə kifayət qədər dəlil mövcuddur. Amma dünya ictimaiyyəti bunu görmək istəmir. Hətta bizim əsgərlərin cəsədləri üzərində qəddarlıqlar görürük. Ermənistan hərbçiləri azərbaycanlıların meyitləri üzərində zorakılıqlar ediblər. Belə ki, azərbaycanlıların qulaqları kəsilir, başlarına avtomatın qundağı ilə zərbələr endirilir, öldürdükləri insanlar üzərində belə bu davranışları sərgiləyirlər”, - deyə Nemət Əvəzov vurğulayıb.

İdarə rəisi qeyd edib ki, prokurorluq orqanlarında Ermənistana qarşı 1200-ə qədər cinayət işi başlanıb, 360 erməninin axtarışları isə davam etdirilir. Mina partlayışları nəticəsində 34 mülki azərbaycanlı həyatını itirib. Bu minalar ərazilərimizi tərk edərkən ermənilər tərəfindən basdırılıb. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizdə də yeni basdırılmış minalar aşkarlanır.

“Ermənistan tərəfindən döyüşən 17 muzdlunun olduğuna dair əlimizdə faktlar var. Bu, hüquqazidd davranışdır”, - deyə o bildirib.

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib: “Etnik nifrət hissinə köklənmiş Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə cinayətləri uzun illərdir davam edib. Buna nümunə isə Xocalı soyqırımını göstərə bilərik. Bundan əlavə, ermənilər tərəfindən xalqımıza qarşı misli görülməmiş cinayətlər də törədilib. Bunlardan ən ciddisi isə ərazilərimizin işğal olunmasıdır. Onlar hətta müharibə cinayətləri də törədiblər”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoydu. Ölkəmiz müharibəni beynəlxalq hüquqa əməl etməklə apardı.

Otuz il müddətində ermənilər tərəfindən ərazilərimizdə bütün yaşayış məntəqələrinin dağıdıldığını vurğulayan E.Əbilov deyib ki, postmünaqişə dövründə də erməni terroru davam edir. Belə ki, Azərbaycan hələ də Ermənistan ordusu tərəfindən basdırılan minalarla mübarizə aparır. Bu, düşmən ölkənin nifrətinin nəticəsidir. Edillidə və digər ərazilərimizdə tapılan insan qalıqları Ermənistanın terrorçu dövlət olduğunun sübutudur.

STM İdarə Heyətinin üzvü professor Tahirə Allahyarova bildirib ki, Birinci Qarabağ müharibəsində ermənilər işğalı legitimləşirməyə, tarixi saxtalaşdırmağa çalışıblar. Amma buna baxmayaraq, bu 30 illik yalanların ən böyük zərbəsi ermənilərin özlərinə dəydi, rüsvayçı məğlubiyyətə uğradılar. İkinci Qarabağ müharibəsi bitdikdən sonra isə Ermənistanın siyasətini dezinformasiya və revanşizm təşkil edib. Müharibə cinayətləri ilə bağlı saxtakarlıqlar isə siyasi korrupsiyaya uğramış beynəlxalq qurumlar və parlamentarilər vasitəsilə yayılır.

O qeyd edib ki, ən dəhşətli hal Ermənistan tərəfindən kütləvi məzarlıqların yerinin gizlədilməsi, mina xəritələrinin verilməməsidir. Bütün bunlar ermənilərin Azərbaycanı günahlandırmaq və özlərinə qarşı rəğbət oyatmaq üçün təşkil etdiyi təxribatların yalnız bir neçə metodudur.

“Son seçkilərdə Avropa Parlamentinə erməni dəstəyi ilə düşən, siyasi korrupsiyaya uğrayan parlamentarilərin kimliyi artıq ifşa edilmiş hesab edilə bilər.

“Qlobal erməni millətinin” yeni layihəsi: onların Avropa Parlamentinə gətirdikləri yeni deputat Rafael Qluksman və onun daxili və xarici “5-ci kolon”la işbirliyinin başlamasıdır. Rafael Qluksman dünyanın ən varlı erməniləri siyahısında 2-ci olan Boqosyanlar ailəsinin kürəkənidir. Qluksmanın həyat yoldaşı Leo Salameo (Hala Salameh) Livanın keçmiş mədəniyyət naziri Hassan Salamehin qızıdır; anası - erməni əsilli Meri Boqosyan dünyada brilyant/almaz maqnatlar kimi tanınmış Jan, Kristian, Albert və Ralf Boqosyanların bacısıdır. Rafael Qluksman parlamentə düşən kimi öz sevimli məşğuliyyətini əks etdirən, ancaq xislətinə uyğun “kreativ-məcazi” adda: “Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiya”nı (İMGE) yaratdı və onun prezidenti oldu. Komissiyanın 1 prezidenti, 19 üzvü hamısı “ağır çəkili” ermənipərəstlərdir. Hər birinin bunu sübut edən dosyesi mövcuddur”, - deyə T.Allahyarova vurğulayıb.

Konfransda Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, erməni cinayətlərindən əziyyət çəkən insanlar və digər rəsmi şəxslər çıxış edərək Ermənistanın xalqımıza qarşı həyata keçirdikləri cinayətlərdən, terror aktlarından danışıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR