Atasız-anasız böyüyən şəhidimizin ikinci ildönümü qeyd olundu -

Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Zakir oğlu Mövsümovun ikinci ildönümü qeyd olunub.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Göyçay şəhər şəhidlər xiyabanında, təhsil aldığı məktəbdə və adına verilən küçədə ehtiramla yad olunub.

Keçirilən mərasimdə rayon icra hakimiyyətinin məsul şəxsləri, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların rayon ictimayi nəzarət komisiyasının üzvləri, dindarlar, KİV-in əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

44 günlük Vətən müharibəsi zəfər tariximizin ən şanlı səhifələrindəndir. Bu tarix və qazanılan qələbə hələ uzun illər Azərbaycan hərb elminin uğuru kimi tədqiqt mövzusu olaraq araşdırılacaq, eyni zamanda ümumtəhsil məktəblərində tədris edilərək, dərindən öyrəniləcəkdir.

Torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış Vətənin qeyrətli oğulları isə bu tarixin ölməz müəllifləri kimi xalqın yaddaşında əbədi yaşayacaq.

Hazırda şəhid adlarının əbədiləşdirilməsi bu sırada ən öndə dayanan məsələlərdəndir. Azərbaycanın bütün bölgələrində, o cümlədən Göyçay rayonunda şəhidlərə xüsusi ehtiram əlaməti olaraq, Vətən aşiqlərinin adlarının əbədiləşdirilməsi işi davamlı olaraq aparılır.

Şəhid Fərid Zakir oğlu Mövsümov 1987-ci ildə Göyçay şəhərində anadan olub. Gənc yaşlarında milliyətcə ləzgi olan valideynlərini itirən Fərid qohumlarının himayəsində böyüyüb. Vətənpərvərlik hissi o qədər güclü olub ki,daim mübarizəyə can atıb. Kəşfiyyatçı kimi düşmənin çirkin niyyətlərinin açılmasında peşəkarlıq göstərib.

Şəhidin xiyabanı ziyarət olunaraq, şəhidin məzarı üzərinə tər qərənfillər düzülərək, ruhu ehtiramla yad olunub. Sonra şəhidin adına təhsil aldığı Göyçay şəhər Ziya Bünyadov adına 3 №-li tam orta məktəbin girişində Fərid Zakir oğlunun xatirə lövhəsinin açılışı olub.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR