Şamaxıda yeni meyvə sortları və ting istehsalı prosesinin təqdimatı keçirilib -

Ötən il fəaliyyətə başlayan Şamaxı Üzüm Tingçilik Mərkəzi üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniyanın “PSB Produccion Vegetal” şirkətilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə sortlarının yetişdirilməsi və ixracı təşkil edilir.

Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, İspaniya şirkətinə məxsus olan sortların əsas üstünlüyü biotik və abiotik stres amillərinə davamlı, tez məhsula düşən (2-ci ildən etibarən) və 2 dəfəyə qədər daha məhsuldar olmasıdır.

Şamaxı Üzüm Tingçilik Mərkəzində xarici və yerli mütəxəssislərlə birgə yeni meyvə seleksiya nailiyyətlərinin təqdimatı keçirilib. Tədbirdə “PSB Produccion Vegetal” şirkəti, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və fermerlər iştirak edib.

Təqdimatda İspaniya şirkətinin nümayəndəsi və mütəxəssisləri şirkət haqqında, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq barədə məlumat verib. Mütəxəssislər Avropa ölkələri ilə müqayisədə Azərbaycanın kənd təsərrüfatındakı inkişaf tempi, aqroekoloji şəraitin üstünlükləri, yeni meyvə seleksiya nailiyyətləri və üzüm tinglərinin istehsalı prosesi barədə təqdimatla çıxış ediblər. Tədbir zamanı fermerlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb və onlara müvafiq məsləhətlər verilib.

Təqdimatlar bitdikdən sonra Şamaxı Üzüm Tingçilik Mərkəzinə səfər edilib, yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi, tinglər və tinglərin keyfiyyətli formada saxlanması üçün istifadə edilən soyuducu anbarlar fermerlərə nümayiş olunub. Yeni yaradılmış istixana kompleksinin əsas məqsədi ting istehsalında xəstəlik və zərərvericilərdən azad uyğun mühitin yaradılmasıdır. Belə ki, müxtəlif meyvələrin yerli və xarici sort nümunələri burada mühafizə olunur və ting istehsalında bitki materialları kimi yalnız istixana kompleksində mövcud olan ağaclardan istifadə edilir. Bu proses zamanı bütün istehsal fəaliyyətinə nəzarət yarandığı üçün əldə edilmiş tinglər xəstəlik və zərərvericilərdən azad olmaq ilə yanaşı, meyvə sortu istehsalçı tərəfindən bəyan edilən sorta doğru tinglər olur. Şamaxı Üzüm Tingçilik Mərkəzi 1 milyon ədəd üzüm, 650 mindən artıq digər meyvə tingləri istehsal etmək gücünə sahibdir.

Qeyd edək ki, respublikada tingçilik sahəsinin inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas hədəflərindən biridir. Aparılan işlərin nəticəsində Azərbaycan ting idxalçısından ixracatçısına çevrilməkdədir. Belə ki, ötən ay Azərbaycandan Qırğızıstana ting ixracına başlaınılıb. Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında əsas məqsəd respublikanın meyvəçilik təsərrüfatlarını xəstəlik və zərərvericilərdən azad, sertifikatlı, bəyan edilən sorta doğru və müxtəlif iqlim şəraitlərinə adaptasiya qabiliyyətli əkin materialları ilə təmin etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR