Tanınmış aşıq

Aşıq Əlixan Niftəliyev 79 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz feysbuk hesabında paylaşım edib.

"Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad sənətkatımız Aşıq Əlixan Niftəliyev vəfat edib. Sənətkarın doğmalarına baş sağlığı verir, Ulu Tanrıdan səbr diləyirəm. Yeri cənnət olsun!", - deyə o qeyd edib.

Qeyd edək ki, Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını aşıq sənətinə həsr etmək qərarına gəlib. Şirin səsi və sənətə böyük marağı onu dövrünün ustad sənətkarı Mikayıl Azaflının yanına gətirib. Böyük sənətkarın yanında şəyird olaraq aşıq sənətinin incəliklərini mənimsəyib. Zil, şaqraq və məlahətli səsi ilə seçilən aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb.

Ustad yanında püxtəlişdikdən sonra el şənliklərində, dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib, Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda layiqincə təmsil edərək qızıl medal, fəxri fərmanlar və hədiyyələrlə təltif olunub.

Əlixan Niftəliyev 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Özünəməxsus ifa tərzi ilə seçilən aşıq Əlixan eyni zamanda güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq havaları və dastanlar Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılır. Bu sıradan “Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır.

Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın gücləndirilməsində böyük xidmətləri olan Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib.

Şəkilin açıqlaması yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR