Səsyazısı yayılan direktorla bağlı nazirdən

Elm və təhsil naziri Emin Əmrullayev səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə danışıb.

Nazir məktəb direktorları ilə bağlı həmişə narazılıq olduğunu qeyd edib.

"Düşünürəm ki, bundan sonra da olacaq. Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, problem birbaşa onunla bağlı olmayıb. Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Düşünürəm ki, bu məsələdə ictimaiyyət Nazirliyin qərarını anlayışla qarşılayacaq".

Xatırladaq ki, bir müddət əvvəl qalmaqallı səs yazısı ilə gündəmə gələn 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova tutduğu vəzifədən azad olunaraq 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə yerdəyişmə edilib.

Qeyd edək ki, N. Axundova 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
Oxu.az - Şəhid polkovnikin xanımına vəzifə verildi – FOTO



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR