"Bəyannamənin imzalanmasından iki il keçsə də, Ermənistan və Rusiya üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə olan təqdirdə Azərbaycan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməlidir".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

"Ermənistan 10 noyabr Birgə Bəyannamənin 4-cü, 9-cu bəndini yerinə yetirmir. Ümumiyyətlə, 4-cü bəndə silahlı erməni birləşmələrinin çıxarılmasını da tamamilə qəbul etmir. Halbuki, 10 noyabr Birgə Bəyannamədə hər hansı bir "Dağlıq Qarabağ müdafiə ordusu" sözü işlənmir, heç belə bir məsələyə yanaşma yoxdur. Ermənistan rəsmilərinin "müdafiə ordusu" dedikləri qanunsuz erməni silhahli birləşmələrdir və onların çıxarılması mütlləqdir. Əgər 4-cü bənd yerinə yetirilmirsə, Bəyannamənin 7-ci bəndi - əhalinin Xankəndi, Ağdərə və Xocavəndə qayıtması da mümkün deyil".

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin son iclasında bildirmişdi ki, üçtərəfli bəyanat Ermənistan ərazisi vasitəsilə hər hansı dəhlizin mövcudluğunu nəzərdə tutmur.

"Ermənistanın imzaladığı heç bir sənəddə belə bir şey nəzərdə tutulmayıb. Sizə xatırlatmaq istərdim ki, bu regionun iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması haqqındadır. Üçtərəfli bəyannamədə bu prosesdə Ermənistan Respublikasının suverenliyinə hər hansı məhdudiyyət nəzərdə tutulmur və buna görə də Ermənistan istənilən vaxt yolların açılmasına, yeni yolların tikintisinə, habelə müəyyən etdiyi kimi əməliyyata hazırdır".