Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə “iki dövlət, bir millət” prinsipi əsasında inkişaf etdiyini bildirib.
Metbuat.az xəbər verir ki, Fidan bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə toplantısında iştirak etmək üçün gəldiyi Bakıda jurnalistlərə açıqlamasında səsləndirib. O, iki ölkə arasındakı strateji münasibətlərin tarixi sınaqlardan keçdiyini vurğulayıb.
“İki dövlət, bir millət prinsipi özünü bütün sahələrdə göstərir. Liderlərimiz arasında sarsılmaz dostluq və qardaşlıq bağı var. Bu bağ çətin dövrlərdə, müharibə və böhran zamanı sınaqdan keçib”, – deyə nazir bildirib.
Fidan bəzi məsələlərdə fərqli yanaşmaların ola biləcəyini, lakin bunların iki ölkə arasındakı strateji münasibətlərə xələl gətirməsinə imkan verilməməli olduğunu qeyd edib. O, fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat vasitəsinə çevrilmədən, qarşılıqlı hörmət çərçivəsində müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Nazir Azərbaycan və Türkiyə cəmiyyətlərinin sosial, siyasi, mədəni və maliyyə sahələrində sıx qarşılıqlı əlaqədə olduğunu da bildirib.