Səhiyyə naziri Anar Bayramov yeni vəzifəsində kadr dəyişikliklərinə başlayıb.

Metbuat.az xəbər verir ki, nazirin imzaladığı əmrlə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cəbrayıl Əsədzadə 2010-cu ildə yaradılan quruma, əvvəlki adı ilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə yarandığı gündən rəhbərlik edirdi. Beləliklə, o, təxminən 16 illik rəhbərlikdən sonra vəzifəsini itirib.

Anar Bayramovun kadr dəyişikliklərinə meylli olması onun TƏBİB-in icraçı direktoru olduğu dövrdə də diqqət çəkib. Belə ki, Bayramovun 2026-cı ilin aprelində bu vəzifəyə təyin olunmasından sonra qurumda genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib.

Açıq mənbələrdə yayılan məlumatların araşdırılması göstərir ki, onun TƏBİB-ə rəhbərlik etdiyi müddətdə vəzifəsindən azad edilən şəxslərin sayı 16 nəfərə çatıb.

İşdən çıxarılanlar arasında qurumun mərkəzi aparatında çalışan departament rəhbərləri, şöbə müdirləri, müşavirlər, eləcə də tabeli tibb müəssisələrinin rəhbərləri olub.

Belə ki, İnsan resursları, İnzibati idarəetmə, Beynəlxalq əlaqələr və İlkin səhiyyə xidməti departamentlərinin rəhbərləri, bir sıra müşavirlər, həmçinin müxtəlif tibb müəssisələrinin direktorları və baş həkimləri vəzifələrindən azad ediliblər.

Kadr dəyişiklikləri sonrakı aylarda da davam edib. TƏBİB-in strukturunda dəyişikliklər aparılıb, bəzi departamentlər birləşdirilib, rəhbər vəzifələrə yeni şəxslər təyin olunub.

Anar Bayramovun səhiyyə naziri kimi imzaladığı ilk qərarları onun yeni vəzifəsində də idarəetmə strukturunda dəyişikliklərə üstünlük verəcəyinə işarə edir.

Yeni nazirin hədəfində "köhnə" kadrların olacağı şübhə doğurmur.