Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.

O, 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1969-cu ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə ali təhsil aldığı institutda başlayan K. İmanov daha sonra Ali və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru və birinci prorektoru vəzifələrində çalışıb.

O, 1993–1995-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri, 1995–2006 və 2008–2018-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri, 2006–2008-ci illərdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.

Dövlət başçısının 7 may 2018-ci il tarixli Sərəncamı ilə Kamran İmanov Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, hazırda da bu vəzifədə fəaliyyətini davam etdirir.

Kamran İmanov əqli mülkiyyət sahəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edib. O, 110-dan artıq elmi əsərin, o cümlədən erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin müəllifidir.

Beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən K. İmanov Bern Konvensiyası İttifaqının Assambleyasının və Avrasiya Patent Təşkilatının İnzibati Şurasının sədri seçilib.

Səmərəli fəaliyyətinə görə o, bundan əvvəl III və I dərəcəli “Vətənə xidmətə görə”, “Şöhrət” ordenləri, eləcə də bir sıra yerli və beynəlxalq mükafatlarla təltif olunub.