Türkiyənin "Qalatasaray” klubu UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı ilə büdcəsinə milyonlarla avro qazandırıb. Turnirin Liqa mərhələsinin 4-cü turunda “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edən İstanbul təmsilçisi bu mövsüm turnirdə ikinci qələbəsini qazanıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticə “sarı-qırmızılılar”ın UEFA-dan əldə etdiyi gəliri daha 2,1 milyon avro artırıb. Beləliklə, komandanın iki qələbədən qazandığı mükafatın ümumi məbləği 4,2 milyon avroya çatıb.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə qazanan “Qalatasaray” iştirak haqqı olaraq 18,62 milyon avro əldə edib. İstanbul klubunun qrup mərhələsini ilk 24 komanda sırasında başa vuracağı təqdirdə daha 1 milyon avro qazanacağı bildirilir. İlk səkkizliyə düşərək birbaşa 1/8 finala vəsiqə qazanacağı halda isə komandanın hesabına əlavə 11 milyon avro köçürüləcək.