ABŞ Prezidenti Donald Tramp Konqresin hər iki palatasında çoxluğu ələ keçirən Demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, o, Konqresdən göndəriləcək qanun layihələrinə veto qoymaq səlahiyyətinə malik olduğunu vurğulayıb.

Metbuat.az "ABC News" nəşrinə istinadən xəbər verir ki, Tramp bu fikirləri aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra “Politico”ya müsahibəsində səsləndirib.

O, ölkənin maraqları naminə demokratlarla işləməyə açıq olduğunu deyib. Tramp immiqrasiya məsələsində demokratlarla razılaşma əldə etməyin mümkünlüyü barədə suala da müsbət yanaşıb: “Ölkə üçün uyğun və faydalı hesab etdiyim addımları nəzərdən keçirərdim”.

Bununla belə, prezident Konqresin qəbul edəcəyi qanun layihələrini veto etmək imkanını xatırladıb. “Fox News”a müsahibəsində o, demokratların Konqresə çoxsaylı qanun layihələri göndərə biləcəyini, lakin həmin sənədləri veto ilə geri qaytara biləcəyini söyləyib.

Tramp seçkilərin nəticələrindən təəccübləndiyini də etiraf edib. O, Respublikaçıların daha yaxşı nəticə göstərəcəyini gözlədiyini bildirib və məğlubiyyətdə bəzi namizədləri, eləcə də İrandakı müharibə ilə əlaqədar yüksək yanacaq qiymətlərini amil kimi göstərib.

Prezident sosial şəbəkə hesabında Texas qubernatoru Qreq Ebbottu da tənqid edib. O, Ebbottun seçkilərdə məğlubiyyətini Respublikaçılar Partiyasının mövqeyindən uzaqlaşması ilə əlaqələndirib.