“Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir və bu ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Azərbaycanın Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkə olduğunu vurğulayan Cavid Osmanov bildirdi ki, ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub.

“Azərbaycanın hədəfi bərpaolunan enerji sahəsini inkişaf etdirməkdir” -

Cavid Osmanov

“Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək. Ölkə başçısı onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq”.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu və ölkəmizin neft-qaz sektoruna böyük sərmayələr cəlb etdiyini vurğuladığını diqqətə çatdıran Cavid Osmanov qeyd etdi ki, Ölkə başçısı artıq Azərbaycan dövlətinin hədəfində bərpaolunan enerji sahəsinin inkişaf etdirmək olduğunu qeyd edərək “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanmasından bəhs etdi.

““Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir. Lakin ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident İlham Əliyev bildirdi ki, “Masdar” şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az