İnsan orqanizminin yaşlanması müxtəlif əlamətlərlə özünü göstərir. Alimlər isə bu prosesi müəyyənləşdirmək üçün yeni üsullar üzərində çalışırlar. Yeni araşdırmaya görə, insanın yaşını gözlərindən, daha dəqiq desək, tor qişasından müəyyənləşdirmək mümkün olacaq.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar gözün tor qişasının hesablanan yaşını insanın faktiki yaşı ilə müqayisə etməklə onun sağlamlıq vəziyyəti barədə müəyyən məlumat əldə etməyin mümkün olduğunu bildiriblər.
Araşdırmada tor qişanın hesablanan yaşı ilə insanın real yaşı arasındakı fərq diqqət çəkib. Məlum olub ki, şəkərli diabetdən əziyyət çəkən insanlarda tor qişanın yaşı faktiki yaşdan orta hesabla 2,5 il çox ola bilər.
Aktiv siqaret çəkənlərdə də oxşar nəticə qeydə alınıb. Bu şəxslərdə tor qişanın yaşı real yaşdan orta hesabla 0,50 il yüksək olub.
Bundan başqa, yaşla əlaqəli makula degenerasiyası və katarakta kimi göz problemlərinin də tor qişanın daha yaşlı görünməsi ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Mütəxəssislər bununla belə, əldə olunan nəticələrin həmin xəstəliklərin birbaşa tor qişanın yaşlanmasına səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Xüsusilə kataraktanın görüntünün keyfiyyətinə təsir göstərərək araşdırmanın nəticələrini dəyişə biləcəyi qeyd olunur.
Alimlərin fikrincə, bu üsul gələcəkdə yaşlanma prosesinin və bəzi sağlamlıq risklərinin qiymətləndirilməsi üçün sürətli və müdaxiləsiz vasitəyə çevrilə bilər. Lakin hazırda bu metod insanın bioloji yaşını dəqiq müəyyənləşdirən tibbi test hesab edilmir. Onun etibarlılığını təsdiqləmək üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var.