Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib ki, qarşıdakı 1- 2 ay müharibənin taleyi üçün həlldici olacaq.
Onun sözlərinə görə, Kiyevi ağır döyüşlər gözləyir: “Rusiya böyük eskalasiyaya hazırlaşır. Bu, qarşıdakı 2-3 həftə ərzində baş verə bilər. Ən ağır döyüşlər hələ qarşıdadır”.
Danilov, həmçinin söyləyib ki, Ukraynanın məqsədi təkcə ötən ilin fevralın 24-dək olan sərhədlərini bərpa etmək deyil, həm də Krım və Donbası azad etməkdir.
Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədrinin açıqlamasını şərh edən siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a bildirdi ki, doğrudan da, bu ay Ukraynada ciddi proseslərin baş verəcəyi gözlənilir.
Kənan Novruzov
“Bunun iki əsas səbəbi var. Birinci məqam ondan ibarətdir ki, bu ay müharibənin birinci ildönümü tamam olacaq. Fevralın 24-ə bir aydan da az vaxt qalıb. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi istisna deyil. Əbəttə, o hansısa “müjdələr” verməlidir. Bunun üçün isə döyüş meydanında üstünlüyü ələ almaq lazımdır. Deməli, Rusiya ordusunun yaxın günlərdə genişmiqyaslı hücum əməliyyatlarına başlaması mümkündür. İkinci bir tərəfdən, bir sıra Qərb ölkələri, o cümlədən Polşa, Almaniya, Britaniya Ukraynaya ağır və müasir tanklar verəcəklər. Həmin texnikaların fevralın sonu- martın əvvəlində təhvil verilməsi gözlənilir. Sözsüz ki, bu texnikalar döyüş meydanında Rusiyanın durumunu daha da çətinləşdirəcək. Bunu Kremldə başa düşürlər. Ona görə sözügedən tankların, o cümlədən “Leopard”ların təhvil verilməsinədək Rusiya üstünlüyü ələ salmağa çalışır”.
K.Novruzov hesab edir ki, Danilovun qarşıdakı aylar barədə səsləndirdiyi fikirlər də məhz tank tədarükü ilə bağlıdır.
“Dediyimiz kimi, tankların mart ayında tədarükü planlaşdırılır. Bu isə Ukrayna rəsmisinin açıqladığı müddətə uyğun gəlir”.
Müsahibimiz qeyd etdi ki, yaxın günlərdə Rusiyada səfərbərliyin növbəti dalğası elan olunacaq.
“Qarşıdakı zamanda Belarusdan ikinci cəbhənin açılması, həmçinin, nəhayət, “xüsusi hərbi əməliyyat”ın müharibə kimi təqdim olunması gözləniləndir. Hər bir halda Ukraynadakı savaş həlledici mərhələyə qədəm qoyub. Əvvəl də dediyimiz kimi, bu ay Rusiya daxilində və savaş meydanında ciddi proseslər baş verə bilər. Həmçinin fevral- mart ayında baş verəcək proseslər savaşın gələcək inkişafına əsaslı təsir edəcək”.
Gülbəniz Hüseynli / Metbuat.az