Respondentlərin 11%-i yaşadığı binanın zəlzələyə davamlı olduğunu bilir -

Sosial Tədqiqatlar Mərkəzi Türkiyənin 11 vilayətində humanitar fəlakətlərə yol açmış, son rəqəmlərə əsasən 46 min 104 nəfər insanın həlak olması ilə nəticələnmiş zəlzələ hadisəsindən irəli gələrək Azərbaycanda bu kimi fövqəladə hallara qarşı ictimai davranış və mühakimələrin öyrənilməsi, risklərin qiymətləndirilməsi məqsədilə rəy sorğusu keçirib.

STM-dən Metbuat.az-a verilən məlumata görə, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində - Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib.

Rəy sorğusu göstərir ki, ölkənin üç ən böyük şəhərində insanların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilmiş binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının sözügedən göstəricidən yüksək olması istisna edilmir.

Sorğuda iştirak edənlərin cəmi 11%-i yaşadığı binanın zəlzələ ehtimalına qarşı möhkəmliyinin yoxlanıldığını və dözümlülüyünün təsdiq edildiyini bildirib. 28%-i ümumiyyətlə yoxlanılmadığını, 61%-i bu barədə məlumatsız olduğunu ifadə edib.

15-24 mərtəbəli binalarda məskunlaşan iştirakçıların 19%-i, 10-14 mərtəbəli binalarda məskunlaşanların 12%-i yaşadığı binanın zəlzələ riskinə qarşı yoxlanıldığını qeyd edib. On və daha yüksək mərtəbəli binalarda yaşayanların ümumilikdə 11%-i yoxlanılmadığını, 73%-i bu barədə məlumatsız olduğunu bildirib. Beş və doqquz mərtəbəli binalarda yaşayanların cəmi 9%-i yaşadığı binanın zəlzələ riskinə qarşı yoxlanıldığını qeyd edib. Onların 31%-i ümumiyyətlə yoxlanılmadığını, 60%-i bu barədə məlumatı olmadığını bildirib.

Sorğunun nəticələri ilə daha ətraflı buradan tanış ola bilərsiniz: https://stm.az/az/news/1125/zelzele-ehtimalina-qar...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR