"Futbolumuz aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın.
Metbuat.az xəbər verir ki, deputat Fazil Mustafa oyunla bağlı fikirlərini sosial şəbəkədə paylaşayaraq Azərbaycan yığmasının futbolçularından narazılığını dilə gətirib:
"Futbolumuz aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçini gətirsəniz də belə davam edəcək. Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq. Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaq da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı",- deyə deputat bildirib.
Qeyd edək ki, ötən gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyun keçirilib. Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisi səfərdə İsveçin qonağı olub. Stokholm şəhərində təşkil olunan matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin biabırçı məğlubiyyəti etirazlara səbəb olub və azarkeşlər Canni De Byazini istefaya səsləyiblər.