Martın 25-də azad edilən yüksəkliyin strateji əhəmiyyəti:

“Martın 25-də keçirilən əməliyyat nəticəsində Azərbaycan ordusunun məhdud bölmələri heç bir itki vermədən Ermənistandan rusların nəzarətində olan ərazilərə silah-sursat və minaların daşındığı Turşsu-Xəlfəli yoluna nəzarəti bərpa etdi. Azərbaycan ordusunun həyata keçirdiyi növbəti uğurlu əməliyyatlardan sayılan bu əməliyyat gələcəkdə digər ərazilərin təmizlənməsi məqsədilə atılacaq addımlara mühüm dəstək verəcək”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.


“Fərrux, Qırxqız, Sarıbaba və Turşsu-Xəlfəli yolunun üzərindəki 2054 metr yüksəkliyində olan dağ zirvəsinin Azərbaycan ordusunun nəzarətində olması separatçı rejimin cilovlanması və onların ərazidən təmizlənməsi məqsədilə həyata keçiriləcək əməliyyatlarda mühüm plasdarm kimi də istifadə oluna bilər. Nəticə etibarilə bu yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olması Qarabağdakı erməni silahlılarının silah və sursatla təminatının məhdudlaşdırılmasında böyük əhəmiyyət daşıyır”.

Yalnız Laçın yolunda deyil, Azərbaycanın Qarabağ bölgəsində yerləşən rus hərbçilərinin müvəqqəti məsuliyyət zonasında baş verə biləcək istənilən təxribatın qarşısını almaq üçün ordumuzun hər an hazır olduğunu ifadə edən politoloq Samir Hümbətov hesab edir ki, əməliyyatlar davamlı olacaq:


“Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, istənilən təxribatın qarşısı alınacaq. Rusiya tərəfi Azərbaycana qarşı təhdid dolu bəyanatlar yaysa da, nəzərə almalıdır ki, beynəlxalq hüquq tərəfindən həmin ərazilər də Azərbaycanın suveren ərazisi kimi tanınıb. Rusiyanın təhdid ifadə edən bəyanatlarının heç bir hüquqi, siyasi və hərbi əsası yoxdur. Əgər Rusiya Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayıb erməni terrorçu dəstələrinin birbaşa silahlandırılmasını həyata keçirməyə davam edərsə, Azərbaycan Silahlı Qüvvələrimizin gücü ilə həmin ərazilərə nəzarəti ordumuz tərəfindən həyata keçirə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR