“De Byazi bizə xeyir verməyəcəksə, onu niyə saxlamalıyıq?” -

“Ümidliydik. Amma hər iki oyunda çox böyük səhvlər oldu. O səhvlər ki, Azərbaycan çempionatında nadir hallarda edilir. Əslində Avstriya və İsveç millimizin səhv etməyi üçün problem yaratmadı. Problem bizim komandamızın özündə oldu”.

Metbuat.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Avro-2024-ün seçmə mərhələsində millimizin Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyəti haqda fikirlərini bildirən yığmamızın sabiq çalışdırıcısı komandamızdakı problemlərdən danışıb: “Müdafiədə həddindən artıq zəif oynadıq. Nə Avstriya, nə də İsveç əvvəlki kimi güclü deyil. Bundan istifadə etmək lazım idi. Birinci növbədə millimizdə heyət seçimi düzgün deyildi. Bir az yaşlı oyunçuları kənarda saxlamaq olmaz. Onların təcrübəsindən istifadə etmək lazımdır. Bizim millidə Emin Mahmudov lider ola bilər. Onun iş qabliyyəti, danışığı, hörməti var. Amma ona da kömək lazımdır. Onu da deyim ki, Almeyda ilə oyunu yaxşı alınırdı. Bir-birini yaxşı tapırdılar.

Mən özüm də belə hesabı gözləmirdim. Hər iki oyuna yaxşı başlamışdıq. Amma tez də söndük. Elə qollar buraxdıq ki, adam məəttəl qalır. Rəqiblər bizim qapımıza həddindən artıq zərbə vurdular. Komandamız 60-cı dəqiqən sonra “oturur”. Amma bu oyunlara hazır olmalı idik”.

"De Byaziyə demişəm ki, mövqe dəyişikliyi etmə, komanda öz oyununu itirir"

A.Mircavadov yığmamızın baş məşqçisi Canni De Byazinin lazımsız rotasiyalar etdiyini bildirib: “Oyunçu dəyişikliyində diqqətli olmalıyıq. De Byazinin özünə də demişəm ki, çalış, mövqe dəyişikliyi etmə, sən dəyişiklik edəndə komanda öz oyununu itirir. Mən heç vaxt bu cür yerdəyişmə etməmişəm. Oyunçunun mövqeyini dəyişəndə onunla məsləhətləşməlisən, məşq prosesində onu yoxlamalısan. Futbolçunun özünün də razılığı olmalıdır. Oyun ərzində müəyyən yerdəyişmələr ola bilər. Amma oyunçunun mövqeyini birdən-birə dəyişəndə təbii ki, problem olacaq. Cinah müdafiəçisi cəld olmalıdır. Hücuma çıxanda geri qayıtmağı da bacarmalıdır. Yəni bunu çatdırmalıdır. Əgər geri qayıda bilmirsə, onda problemlər yaranır. Biz də buna görə çox boşluqlar verdik. Höccət Haqverdi cinahda istənilən oyunu göstərmir. Biz noyabr ayında Məşqçilər Komitəsi olaraq De Byazi ilə görüşəndə ona mövqe dəyişiklikləri ilə bağlı sual verdik. Dedi ki, ardıcıl qələbələr qazanırıq, ona görə bu cür davam etmək istəyirəm. Amma futbolçu öyrəşmədiyi mövqedə yaxşı oynaya bilməz”.

"Maksim Medvedev, Qara Qarayev niyə millidə olmasın?"

Təcrübəli mütəxəssis “Qarabağ”ın futbolçuları Qara Qarayev və Maksim Medvedevin yığmadan kənarda qalmasını düzgün hesab etmədiyini deyib: “Bizdə oyunçu olmasa, onda baş məşqçinin bu taktikasını başa düşmək olar. Mən yığmanı cavanlaşdırıram deyə bir şey yoxdur. Milli komandada futbolçunun pasportuna yox, onun oyununa baxırlar. Məsələn, Maksim Medvedev, Qara Qarayev niyə millidə olmasın? Həm Maksimin çıxış etdiyi sağ cinahda, həm də Qaranın oynadığı mərkəzdə çox problem oldu. O problemlər də nəticədə belə məğlubiyyətlərə gətirib çıxardı. Deyirlər ki, Maksimin 33 yaşı var. Amma “Qalatasaray”la oyunda çox yaxşı çıxış etdi. Maksim kənarda qalası oyunçu deyil. Ümumiyyətlə, yaşlı oyunçunu birdən-birə atmaq olmaz. Onun yığmadakı əməyinə qiymət vermək lazımdır. Yeri gələndə onunla məsləhətləşmək də lazımdır. Onu milliyə çağırmayanda da özü ilə danışmalısan. Futbolçu mənə filan sözü söylədi deyə, onu birdən-birdə millidən kənarlaşdırmaq olmaz. Bunu SSRİ dövründə yalnız dahi məşqçilər edirdi. O məşqçilərin çəkisi ağır idi. Ancaq onlar da sonradan həmin oyunçunu çağırıb, söhbət edib, komandaya qaytarırdı. Xorvatiya millisinin kapitanı Luka Modriç elə oynayır ki, elə bil 20 yaşındadır. Heç mən bilməzdim ki, onun 37 yaşı var. Yəni təcrübəli futbolçuların meydanda olması çox vacib amildir. Heyf ki, bizdə buna fikir vermirlər”.

"Həmkarımdır, istəmirəm ağır söz deyim..."

75 yaşlı mütəxəssis millimizin baş məşqçisi Canni De Byazinin İsveçə 0:5 hesablı məğlubiyətdən sonra “Komandam əla oyun göstərdi” ifadəsinə də münasibət bildirib: “Futbolda belə ifadə yoxdur ki, əla oynadım, 0:5 uduzdum. De Byazinin bu cür açıqlamasının mənası belə çıxır ki… Həmkarımdır, istəmirəm ağır söz deyim.

Futbol elə bir oyundur ki, küçədə oynayanda birinci hesabı soruşurlar. Qol vurmusunuz? Bəli. Əla. Yəni heç kim demir ki, qol vurmadıq, amma əla oynadıq. Tablo hər şeyi göstərir. İsveçlə oyunda daha böyük hesabla uduza bilərdik. Əslində Avstriyadakı oyun bizə siqnal idi ki, bəzi futbolçularda psixoloji durum yaxşı deyil, tez sınırlar. Niyə Qazaxıstan Danimarkadan 2 qol buraxandan sonra 3 qol vura bilir? Hər iki oyunda qol buraxana qədər bizim futbolçularımız da yaxşı çıxış edirdilər. Yəni topla yaxşı işləyirdilər, səhvsiz idilər. Ancaq qol buraxandan sonra oyunumuz itir".

Mircavadov hazırda qrupun ən zəifi bizim millimiz olduğunu qeyd edib: “Estoniya millisinin baş məşqçisinin fikirləri mənə çox təsir etdi. Deyir ki, biz Bakıda əks-hücumda yox, hücumda oynayacağıq. Təəssüf ki, indi qrupda ən zəif bizim millimiz hesab olunur. Bunu özümüz etdik”.

“Sabah yığışıb söhbət edəcəyik"

AFFA Məşqçilər Komitəsinin üzvü De Byazi millimizdə qalmalıdır, yoxsa göndərilməlidir” sualını da cavablandırıb: “Sabah özümüz yığışıb söhbət edəcəyik. Görək rəhbərlik nə deyəcək. Əsas məsələ odur ki, baş məşqçi ilə bağlı nə etmək lazımdır. Əgər De Byazi bizə xeyir verəcəksə, o başqa məsələ. Əgər xeyir verməyəcəksə, niyə onu saxlamaq lazımdır? Biz bunu Məşqçilər Komitəsi olaraq özümüz müzakirə edəcəyik. Adətən oyundan dərhal sonra adam əsəbi olur. Ona görə də bir az sakitləşəndən sonra qərar vermək lazımdır. Sakitlik olandan sonra müzakirələr aparmaq daha yaxşıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR