Səudiyyə Ərəbistanı niyə ŞƏT-in tərəfdaşına çevrildi? -

Ukraynada və İran-Azərbaycan münasibətlərində baş verənlərə nəzər saldığımız bir vaxtda Səudiyyə Ərəbistanı və Çin inqilabi addımlar atır. Düzdür, bütün bunların müvəqqəti olması barədə əksər analitiklərin fikirləri üst-üstə düşür.

Metbuat.az xəbər verir ki, politoloq Zaur Məmmədov Çin, ABŞ və Rusiyanın təsir sahəsinin bölgüsü barədə öz proqnozlarını bildirib.

Politoloq deyib: “Martın sonunda Səudiyyə Ərəbistanı Krallığa Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandumu təsdiqləyib. Tərəfdaş statusu almaq barədə məsələ Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin ötən ilin dekabrında Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunub. ŞƏT-də dialoq üzrə tərəfdaş statusu Krallığa ortamüddətli perspektivdə təşkilatda tamhüquqlu üzvlük təqdim edilməzdən əvvəl ilk addım olacaq.

Bundan başqa, 2023-cü il martın ortalarında Səudiyyə Ərəbistanı Çinə yuanla neft satmaq barədə niyyətini bəyan edib.

Məlumdur ki, Ukraynada müharibə başlayandan sonra Vaşinqton bir neçə dəfə şahzadədən neft hasilatını azaltmamağı xahiş edib. Lakin OPEC+ ölkələrinin bəziləri öz istəklərinə uyğun - neft hasilatının azaldılması barədə qərar verdilər. Baş verən halın xüsusiliyi nədədir? Hasilatın azaldılması barədə 13 dövlətin daxil olduğu bütün neft karteli deyil, xüsusən də 23 ölkənin üzv olduğu geniş OPEC+ variantı deyil, təkcə 8 ölkə elan etdi. Hasilatın azaldılması təşəbbüsçüsü – Səudiyyə Ərəbistanına İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əlcəzair və Qabon, eləcə də OPEC üzvü olmayan Qazaxıstan və Oman da qoşuldu. Bu qrupa mart ayından başlayaraq öz hasilatını azaltmaq barədə hələ fevralda elan edən Rusiyanı da əlavə etmək lazımdır.

Bizim region üçün daha bir maraqlı fakt neft hasilatının azaldılmasına Qazaxıstanın qoşulması oldu. Burada belə bir sual ortaya çıxır: 2023-cü ildə Avropaya, ilk növbədə, Almaniyaya neft ixracını əhəmiyyətli şəkildə artırmağa hazırlaşan Qazaxıstanın bu siyahıya qoşulması nə dərəcədə könüllü olub? Öz növbəsində, Azərbaycan azalmada iştirak etmir.

Qayıdaq səudiyyəlilərə. Bu günlərdə Səudiyyə Ərəbistanı Çin və Rusiyanın vasitəçiliyi ilə İran və Suriya ilə tarixi diplomatik sazişlər imzaladı. Belə çıxır ki, Səudiyyə Ərəbistanının Yəmən və Suriya uğrunda apardığı müharibə müvəqqəti dayandırılır.

Yaddan çıxarmaq lazım deyil ki, İranla nəhəng saziş imzalayandan sonra Çin bu dəfə “Huawei”in və “Bir kəmər, bir yol” təşəbbüsünün maraqları çərçivəsində 30 milyard dollardan artıq məbləğdə Səudiyyə Ərəbistanı ilə tərəfdaşlıq barədə saziş imzalamağa nail oldu. Buna cavabında Səudiyyə Ərəbistanı Çində neft emalı zavodunun tikintisi və 12 milyard dollar həcmində neft-kimya istehsalının yaradılması planları barədə elan edib.

Yuxarıda deyilənlər göstərir ki, ABŞ Çinə və Səudiyyə Ərəbistanının timsalında Çinin tərəfdaşlarına münasibətdə tezliklə mühüm qərarlar qəbul edəcək. Mənim üçün bu, gözlənilməz hadisə olmayacaq, Ukraynada prinsipcə strateji hədəflərə nail olan ABŞ əgər Çinə görə Donbasda vəziyyəti “dondurulmuş” vəziyyətdə saxlasalar, o halda Rusiya üçün bu, əlverişli olacaq. Hadisələr göstərir ki, Qərb Çinin ambisiyalarını və qüdrətini başa düşərək Moskva ilə razılığa gələcək və təsir sahəsini bölüşəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR