"Rusiya bölgədə problemlərin qalmasında maraqlıdır" -

"Sərhəddə baş verən gərginliklərin nə Azərbaycana, nə də Ermənistana faydası var. 2025-ci il yaxınlaşdıqca bu tip provokasiyaların artacağı məlumdur və bunda hansı güclərin maraqlı olduğu ortadadır".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, Rusiya iki dövlət arasında yekun sülhün əldə olunmasını, iki xalq arasında qarşılıqlı etimadın formalaşmasını və problemin qəti çözümünü istəmir, bu baxımdan gərginliyin davam etməsində, xalqlar arasında qarşılıqlı etimadsızlığın qalmasında maraqlıdır.

"Bununla paralel, Moskva öz liderliyi altında bölgədə iqtisadi əlaqələrin bərpasını və kommunikasiyaların açılmasını da istəyir, Türkiyə və İranın da cəlb olunması ilə Qərbin regiona müdaxiləsini bloklayan 3+3 tipli formatlar onun Böyük Avrasiya İqtisadi Tərəfdaşlığı konsepsiyasına xidmət edir. Moskva bir tərəfdən başa düşür ki, bölgədə uzunmüddətli mövcudiyyətini sırf konfliktlərə istinad etməklə deyil, qarşılıqlı faydalı kimi görünən, işlək çoxtərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə daha dayanıqlı təmin edə bilər; digər tərəfdən isə o, Qərbin və Çinin iqtisadi gücü qarşısında özünü bu sahədə hansısa bir potensial ortaya qoymaq məcburiyyətində hiss edir ki, həmin güclərlə bərabərhüquqlu qlobal iştirakçılığa iddia edə bilsin".

Azərbaycanlılar və ermənilər arasında barışıq və davamlı sülhün İranın ən son istəyəcəyi məsələ olduğunu qeyd edən Şahin Cəfərli hesab edir ki, İran rejimi maraqlıdır ki, iki xalq arasında “cırmaqlaşmalar” davam etsin, Azərbaycan daim bu münaqişə ilə məşğul olsun, bütün enerjisini ermənilərlə konfliktə yönəltsin və başını qaldırmağa macalı qalmasın.

"İranı bu məsələdə Rusiyadan qismən fərqləndirən məqam budur ki, Tehrandakı rejim bir mövcudiyyət problemi hiss edərək özünüqoruma instinkti əsasında hərəkət edir, regional iqtisadi kooperasiya ilə öz təhlükəsizliyini təmin edə biləcəyinə inanmır, bu tip əməkdaşlıq ideyaları ona çox da cəlbedici gəlmir. İran Azərbaycanın xarici və təhlükəsizlik siyasəti üzərində mümkün dərəcədə təsir/nəzarət imkanlarına sahib olmağa çalışır, Azərbaycanın məhdud suverenliyi onun üçün daha məqbul modeldir. Bütün bu səbəblərdən Azərbaycan olaraq biz Ermənistanla və ermənilərlə düşmənçiliyi davam etdirməyə həvəsli olmamalı və bundan uzaq durmalıyıq. Hər iki tərəf toqquşma riskini ən minimal həddə endirmək üçün qarşılıqlı etimadartırıcı addımlar atmağa başlaya bilər", deyə siyasi şərhçi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR