Mərkəzi bank QƏRAR VERDİ: Kredit faizləri artacaq?

“Bir müddət əvvəl müxtəlif xarici ekspertlərin Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı siyasətində bir qədər yumşalmanın olacağı ilə bağlı proqnozları özünü doğrultmadı. Biz o zaman da bu barədə olan açıqlamalarımızda bildirmişdik ki, Mərkəzi Bankın uçot dərəcəsini artırması daha realdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirdi ki, buna səbəb Mərkəzi Bankın 2023-cü ilin inflyasiya göstəricisi ilə bağlı verdiyi 8 faizlik proqnozdur.

Eldəniz Əmirov

“Mərkəzi Bank bu proqnozu veribsə, bu o deməkdir ki, ilboyu sərt monetar siyasət aparılacaq. Yəni, Mərkəzi Bank verdiyi proqnoza nail olmaq üçün sərt monetar siyasətini davam etdirməkdə israrlıdır. Bu o vaxta qədər davam edəcək ki, verilmiş proqnoz özünü doğrultsun və heç olmasa doqquz faizdən aşağı düşsün. Əgər bu baş verməzsə, düşünürəm ki, Mərkəzi Bankın uçot dərəcəsinin artırılması siyasəti davam etdiriləcək”.

Qərarın FED-in monetar siyasəti ilə bir növ sinxronlaşdığını ifadə edən Eldəniz Əmirov qeyd etdi ki, yeni proqnoz kredit faizlərinə də müsbət təsir göstərmir.

“Uçot dərəcəsi artırılmaqla iqtisadi aktivlik boğulur. Nəticədə, tələb azaldığından inflyasiya da aşağı düşür. Prinsip etibarı ilə tələb azalırsa, iqtisadiyyat boğulursa, deməli kreditə olan tələb də azalacaqdır”, - deyə Eldəniz Əmirov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.

"Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.

Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 21-də ictimaiyyətə açıqlanacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı