Yunanıstan məhkəməsi Eldar Mansurovun xeyrinə QƏRAR VERDİ

Yunanıstanda “Esena Mono” mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 il davam etmiş məhkəmə işi yekunlaşıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə “Esena Mono” vasitəsilə Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun “Bayatılar” mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyıb.

    Bəstəkar Eldar Mansurov “Bayatılar” mahnısının musiqisini 1988-ci ildə bəstələmiş və həmin musiqi əsəri üzərində bütün şəxsi və iqtisadi müəlliflik hüquqlarına malik yeganə şəxsdir.

    “Bayatılar” ilk dəfə 1989-cu ildə Brilliant Dadaşovanın ifasında audiovisual formatda lentə alınmış və həmin lent yazısının Azərbaycan Televiziyasının efirində kütləvi nümayiş zamanı kütləvi ifa edilib. 1990-cı ildə Brilliant Dadaşovanın ifasında “Bayatılar” “Melodiya” şirkəti tərəfindən vala yazılaraq, geniş tirajla yayılıb.

    2008-ci ildə Eldar Mansurov musiqisi yunan bəstəkara aid olduğu iddia edilən və “Bayatılar”ın musiqisini təkrarlayan “Esena Mono” mahnısı barədə məlumat əldə edib.

    Eldar Mansurov “Esena Mono”nun musiqisinin “Bayatılar”ın musiqisinin surəti olduğu və bu səbəbdən plagiat olduğunu, onun müəlliflik hüquqlarını pozduğunu “Esena Mono”nun müəllifi kimi qeyd edilən yunan bəstəkar Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən “Sony Music Entertainment Hellas AE” şirkətinə məhkəməyəqədər iddia qaydasında bildirib və bu səbəbdən onlardan dərhal “Esena Mono”nun qanunsuz yayılmasını və “Bayatılar”dan digər şəkildə qanunsuz istifadəni dayandırmağı tələb edib.

    İddiaya cavab olaraq cənab Kontopulos bu məlumatın doğru olmadığını və “Esena Mono”nun musiqisinin orijinal olduğunu və onun tərəfindən bəstələndiyini bildirib.

    2011-ci ildə, hüquqi hazırlıqlardan sonra, Eldar Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə cavabdehlər Dimitris Kontopulos və “Sony Music Entertainment Hellas AE” şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət edib.

    Həmin iddia ilə bağlı iş 11 il davam edib. Bu müddət ərzində işə Yunanıstanın hər 3 məhkəmə instansiyasında baxılıb. 2018-ci ildə birinci instansiya məhkəməsi Eldar Mansurovun iddiasını təmin edərək, onun müəlliflik hüququnun pozulması faktını tanımış və hər iki cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini qət edib.

    Cavabdehlər qərardan Afina Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər, lakin 2020-ci ildə apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəstəkləyərək, Eldar Mansurovun hüquqlarının pozulmasını tanınıb. Bundan sonra “Sony Music Entertainment Hellas AE” şirkəti apellyasiya məhkəməsinin qərarını tanımış və icra etmiş, cavabdeh Dimitris Kontopulos isə Yunanıstan Ali Məhkəməsinə kasasiya şikayəti verib. Nəhayət, Yunanıstan Ali Məhkəməsi də 2022-ci ildə məhkəmə baxışı zamanı şifahi qaydada bəyan etdiyi və 2023-cü ildə tərəflərə yazılı şəkildə təqdim etdiyi qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış və cavabdeh Kontopulosun şikayətini tamamilə rədd edib.

    Yunanıstan Ali Məhkəməsi qərarında qeyd edib ki, “Esena Mono” “Bayatılar”ın adaptasiya şəklində yenidən işlənməsini, bütövlükdə “Bayatılar”ın orijinal kompozisiyasının tərkib hissəsini, “Bayatılar”ın melodik məzmununun cüzi dəyişdirilməsini (yenidən qurulmasını) təşkil edir; “Esena Mono”nun musiqisinin “Bayatılar”ın musiqisi ilə oxşarlığı 50 faizdən çox təşkil edib.

    Qeyd olunanlara görə, “Esena Mono” əsəri cənab Mansurovun “Bayatılar”ın musiqisi üzərində olan müstəsna və özgəninkiləşdirilməz şəxsi müəlliflik hüquqlarını pozmuş, habelə “Esena Mono”nun cənab Mansurovun razılığı olmadan yayılması onun müstəsna hüquqlarını pozmaqla yanaşı, onu öz əqli mülkiyyəti ilə bağlı iqtisadi hüquqlarını həyata keçirmək imkanından da məhrum edib.

    Bu səbəbdən Yunanıstan Ali Məhkəməsi cənab Kontopulosun bundan sonra “Esena Mono” adlı musiqi əsərinin və ya “Bayatılar”ın musiqisinin hər hansı bir hissəsindən, yaxud onun dəyişdirilməsindən ibarət hər hansı digər əsərin bəstəkarı kimi çıxış etməyi qadağan edib.

    Hazırkı mübahisə ilə bağlı Eldar Mansurovun maraqlarını Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Yunanıstanın “HP&P Dr. Helen G. Papaconstantinou & Partners” hüquq firması (vəkillər Kardiopulis, Qusios və Kurkutas) və professor Maykl Parossis təmsil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı