Prezident separatçılara son xəbərdarlığı etdi: “Bundan sonra təklif verilməyəcək”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı zamanı Qarabağ ermənilərinə, separatçılara ciddi mesajlar verib.

Dövlət başçısı bildirib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır.

Ölkə başçısının bu açıqlamasını şərh edən politoloq Tural İsmayılov Metbuat.az-a bildirdi ki, Azərbaycan bir neçə dəfə reinteqrasiya prosesi çərçivəsində görüş keçirmək üçün qarşı tərəfə təklif göndərib. Lakin separatçılar hər dəfə bu təklifə mənfi cavab veriblər.

Tural İsmayılov

“Prinsip etibarı ilə, Azərbaycan hər zaman vurğulayıb ki, Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın cəmiyyətimizə inteqrasiyası mütləq şəkildə həyata keçirəcək. Lakin bu prosesin qarşısında duran ən böyük maneə şübhəsiz separatçılardır. Separatçılar açıq-aşkar regionda gərginlik yaradaraq beynəlxalq ictimaiyyətin nəzdində fərqli təəssürat yaratmaq istəyirlər. Əslində isə onlar bu yolla reinteqrasiya prosesini baltalayırlar”.


Ekspert hesab edir ki, Prezidentin Laçında qeyd etdiyi məqamlar ciddi bir xəbərdarlıq mahiyyəti daşıyır. Yəni bundan sonra təklif verilməyəcək.

“Ermənilər açıq şəkildə seçim etməlidirlər. Bundan sonra ermənilər ya qeyd-şərtsiz qanunlarımızla yaşamağı qəbul edəcəklər ya da separatçıların təmizlənməsi istiqamətində əməliyyatlar başlayacaq”,- deyə T.İsmayılov qeyd edib.

Son bir neçə gün ərzində Xankəndində Prezidentin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını separatçıların ciddiyə almaq istəmədiklərini xatırladan siyasi şərhçi Asif Nərimanlı qeyd etdi ki, onlar gün ərzində verdikləri açıqlamalarda “müstəqil ölkə” olduqlarından danışır, təslim olmayacaqlarını bildirirlər. Ekspert bildirdi ki, separatçılar görünür ki, “ermənilərə qarşı terror edilir” iddiası ilə beynəlxalq təşkilatlara müraciətləri artırmaq niyyətindədirlər.

Asif Nərimanlı

“Beynəlxalq səviyyədə qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur. Bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır. Əslində İlham Əliyevin məsələni “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır.Müdafiə Nazirliyinin son məlumatları da – “qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”, “qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub” kimi açıqlaması yaxın dövrdə praktiki addımların atıla biləcəyindən xəbər verir”.

Prezidentin separatçılara son xəbərdarlığı barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə də fikirlərini bildirib. Metbuat.az-a açıqlamasında ekspert vurğuladı ki, Ali Baş Komandanın Qarabağla bağlı bu mesajı reallığa söykənir.

Məhəmməd Əsədullazadə

“Prezident İlham Əliyev Laçında erməni separatçılarına və Rusiya separatizmin və "Miatsum" bədnam ideologiyanın kitabı bağlandığını açıq şəkildə bəyan etdi.

Prezidentin bu çıxışından belə qənaətə gəlmək olar ki, Xankəndində oturan separatçılara konkret vaxt verilib. Ermənilər bu mesajdan nəticə çıxarmalı, Xankəndini və ətrafında olan qanunsuz silahlı birləşmələrlə birgə tərk etməlidir. Azərbaycan bu ilin axırına kimi Xankəndində oturan separatçıları neytrallaşdırması mümkündür. Rusiya da bu mesajdan nəticə çıxarmalı və separatizmi dəstəkləməməlidir. Ermənistana gəldikdə isə, N. Paşinyan Qarabağ Azərbaycanın ərazisi deməklə, reallıqları qəbul edib”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı