Rişi Sunak İlham Əliyevi təbrik etdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Metbuat.az məktubu təqdim edir:

“Hörmətli Prezident Əliyev.

Sizə Bakı Enerji Həftəsi ilə bağlı ən xoş arzularımı çatdırıram. İqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda Bakı Enerji Həftəsinin dövlət və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir.

Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. Təchizatın şaxələndirilməsi enerjinin Rusiya tərəfindən geosiyasi silah kimi istifadəsinə son qoyulması baxımından əhəmiyyətlidir.

Mən, həmçinin Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətindəki səylərinizi alqışlayıram. Bu məqsədlərə nail olmaq üçün enerjinin ötürülməsi sahəsində avropalı tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli olacaqdır. Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən Cənub Qaz Dəhlizinin Yaşıl Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir.

Ötən iki il ərzində Birləşmiş Krallıq imkanların artırılması və maariflənmə proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləmişdir. Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcəkdir. Biz belə təşəbbüslərin bəzilərinin vacib elementlərini özündə əks etdirən yeni nəşri Bakı Enerji Həftəsi çərçivəsində təqdim edəcəyik. Nəşrdə enerji keçidi ilə bağlı müəyyən çağırışların öhdəsindən gəlmək üçün Britaniya şirkətlərinin Azərbaycana hansı köməyi göstərə biləcəyi işıqlandırılacaqdır.

Bu fürsətdən istifadə edərək, təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi məqsədilə Birləşmiş Krallığın enerji sektorunda Azərbaycan və beynəlxalq tərəfdaşlarla birgə işləməyə sadiqliyini bir daha vurğulayıram.

Bakı Enerji Həftəsinin kifayət qədər uğurlu olacağına ümidvaram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı