Bakı,3 iyun, R.Quliyev, F. Vahidzadə, AZƏRTAC
Ukraynanın Beynəlxalq Hava Yolları Kompaniyası XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində geniş stendlə təmsil olunur.
Kompaniyanın marketinq üzrə meneceri Artyom Suxorukov AZƏRTAC-a müsahibəsində bildirib ki, burada ziyarətçilər şirkətin tarifləri ilə də tanış ola bilərlər. O, həmçinin Azərbaycanda ənənəvi təşkil olunan sərginin əhəmiyyətindən, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən söz açıb.
Bakıya ilk dəfədir gəldiyini söyləyən ukraynalı qonaq paytaxtımız barədə də təəssüratlarını bölüşüb. “Şəhərinizi çox bəyəndim. Bir həftə əvvəl Parisdə olmuşam, düzünü deyim ki, Bakı daha çox xoşuma gəldi. Bəlkə də dünyanın heç bir yerində olmayan gözəl dənizkənarı parkınız və şəhərin arxitekturası məni cəlb etdi. Azərbaycanlılar həm də mehriban və qonaqpərvərdirlər. Bu baxımdan Azərbaycan və Ukrayna xalqlarını birləşdirən oxşar cəhətlər çoxdur”.