Metro vaqonlarında kondisioner işləmirsə, bunu edə bilərsiniz - AÇIQLAMA

Hər il havaların istiləşməsi ilə əlaqədar ictimai nəqliyyatda kondisioner problemi də yenidən gündəmə gəlir.

Bu dəfə Metbuat.az-ın qaynar xəttinə “Bakı Metropoliteni”ndə vaqonlarda kondisioner sisteminin işləməməsi ilə bağlı şikayət daxil olub. Şikayətçi iddia edir ki, saat 18:00 radələrində "Həzi Aslanov" istiqamətinə gedən vaqonda sıxlıq ilə yanaşı, kondisionerin işləməməsi səbəbindən çətin vəziyyətə düşüb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a bildirdi ki, belə vəziyyətdə vətəndaşlar maşinist ilə əlaqə saxlayıb vəziyyəti bildirə bilərlər:

“İyunun 13-də "Bakı Metropoliteni"nə kondisionerlərlə bağlı gün ərzində hər hansısa bir problem və yaxud da şikayət olmayıb. Metronun vaqonlarında kondisioner yox, mikroiqlim nəzarəti sistemi quraşdırılıb. Onun da söndürülməsi mümkün olmur. Yəni, nə yayda, nə qışda bu sistem qapadılmır. Ola bilər ki, başqa səbəblərdən sərnişində kondisionerin işləmədiyi fikri formalaşsın. Amma birmənalı olaraq qeyd etməliyəm ki, metroda kondisioner söndürülmür. Avtomatik tənzimləmə havanın hərarətindən tutmuş, bütün mikroiqlim komponentləri üzrə sərnişinlərin vəziyyətini qiymətləndirərək, temperatur rejimi də daxil olmaqla bütün sistemlərin ona uyğun çalışmasını təmin edir.

Sadəcə olaraq burada belə bir vəziyyət yarana bilər. Əgər vaqonlardakı nəfəsliklərin bir balaca açıq olması kifayət edir ki, kondisionerin effektivliyi bir qədər aşağı düşsün. Bu vəziyyət qatarlar stansiyada dayananda, qapısı açılıb bağlananda da yaşanır. Bunun nəticəsində sərnişin salonunda müəyyən müddətdə diskomfort yarana bilir. Elə sizin vasitənizlə qeyd etmək istəyirəm ki, belə vəziyyətdə sərnişinlər maşinistlə əlaqə düyməsini sıxaraq sistemin əlavə tənzimlənməsini tələb edə bilərlər”.

Bəxtiyar Məmmədov qeyd etdi ki, sərnişinlər müvəqqəti tənzimləməni maşinist tərəfindən edilməsini rica etsələr belə, qısa müddətdən sonra avtomatik tənzimləmə yenidən qüvvəyə minir. Bu, normal mühitin təmin olunması üçün vacib olan prinsiplərdən biridir.

“Bakı Metropoliteni”ndə plana uyğun olaraq, 4 yeni güclü ventilyatorun quraşdırılması işlərinin başa çatdırıldığını xatırladan B.Məmmədov dedi ki, daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi davam etdirilir:

“Ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. “Bakı Metropoliteni” QSC-nin dünya istehsalçıları arasında apardığı monitorinq və müvafiq qiymətləndirmənin nəticəsi kimi, son illərdə havalandırma qurğuları Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan alınır. Avadanlıq iqtisadi cəhətdən də daha münasib olmaqla yanaşı, texniki qulluğu və təmir-təftişi daha rahat, asandır. Elektrik enerjisinə daha çox qənaət edir.

Texniki istehsal tapşırıqlarında Bakının iqlim şəraiti, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət edilməsi də yer alıb. Əvvəlki analoqları ilə müqayisədə, yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun, mərkəzləşmiş qaydada dispetçer tərəfindən aparılır. Bu isə ventilyatorun iş rejiminin ən qısa müddətdə dəyişdirilməsinə və operativ işinin qurulmasına zəmin yaradır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı