"Tehran və Vaşinqton razılaşmaya yaxındır, əgər maneələr olmasa..." - TƏHLİL

ABŞ İranın İraq banklarında dondurulmuş 3 milyard dollarlıq aktivlərinə həbs qoyulmasını ləğv edib. İraq Xarici İşlər Nazirliyindən bildirilib ki, İraqın İrandan aldığı neft və qaza görə Tehrana 2,76 milyard dollar ödəyəcəklər. Bu mövzuda danışıqlar İraq və ABŞ xarici işlər nazirlərinin Ər-Riyadda keçirilən görüşündə aparılıb. İyunun 15-də İran rəsmiləri bu ölkənin müxtəlif xarici ölkələrdə, o cümlədən Cənubi Koreyada həbs edilən hesablarının blokdan çıxarılacağını açıqlamışdı.

Mövzunu Metbuat.az-a şərh edən politoloq İlyas Hüseynov bildirdi ki, söhbət ABŞ-ın ələ keçirdiyi neft və qaz satışından Tehranın alacağı vəsaitdən gedir. Politoloq hesab edir ki, bu bəyanatlar ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların bərpası və tərəflərin hətta saziş imzalaması xəbərləri ilə üst-üstə düşür.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

"Görünən odur ki, Tehran və Vaşinqton razılığa yaxındırlar, əvvəlcə Vaşinqton Tehranın əsas tələblərindən birinin dondurulmuş hesablardan vəsaitlərin qaytarılması olacağı şərtini qəbul edib. Yeri gəlmişkən, ölkənin dini lideri Xamneyi də nüvə sazişinə yaşıl işıq yandırıb və o, İranın nüvə infrastrukturuna toxunmamaq şərti ilə sazişin imzalanmasının əleyhinə olmadığını bildirib. Lakin indiki şəraitdə İran və ABŞ arasında nüvə sazişinin imzalanması ehtimalı azdır. Baxmayaraq ki, hər iki tərəf bunu istəyir. İlk növbədə, İran nüvə sazişi çərçivəsində ABŞ-dan yüksək təminat tələb edir. Vaşinqton bu zəmanətləri verə bilməz. Buna səbəb ABŞ və İran arasında 8 il əvvəl - 2015-ci ildə imzalanmış və daha sonra 2018-ci ildə Respublikaçı prezident Tramp tərəfindən ləğv edilmiş nüvə sazişidir".

ABŞ-da prezident seçkilərinə bir il qaldığını xatırladan politoloqun qənaətinə görə, əgər növbəti dəfə respublikaçı, məsələn, Donald Tramp prezident seçilərsə, onun nüvə sazişini ləğv etmək şansı yüksəkdir:

"İran sazişə yüksək təminat tələb edir. Vaşinqtonla Tehran arasında nüvə sazişini dayandıran ikinci amil İsraildir. İsrail hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsi riskini minimuma endirməlidir. Əks halda iranlılar beynəlxalq ictimaiyyəti aldadaraq nüvə silahı əldə edə bilərlər. Üstəlik, son iki ildə İran Rusiyadan çoxlu sayda yeni silah və texnologiya alır və Tehran bu yaxınlarda hipersəs raketini sınaqdan keçirib. Belə bir vəziyyətdə İsrail nüvə sazişi ilə razılaşa bilməz. Digər tərəfdən, indi İsraillə yanaşı, Böyük Britaniya da İran məsələsində sərt mövqedən çıxış edir. Bu da Vaşinqton üçün əlavə çətinliklər yaradır, ABŞ hər iki paytaxtı İran məsələsində arxayın etməlidir".

İlyas Hüseynov qeyd etdi ki, üçüncü əsas maneə Ukraynadakı müharibə və İranın bu müharibədə iştirakıdır. İranın Rusiyaya silah və texniki dəstək verməsi ABŞ-ın İranla sülh əldə edilməsinə əsas maneə olaraq qalır.

"Uzun müddətdə bütün maneələri dəf etmək asan deyil. Hətta razılaşmanın əldə olunması onun nə qədər davam edəcəyi ilə bağlı ciddi şübhələr yaradır", - deyə İlyas Hüseynov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı